Putin: Rusiya sanksiyalar qarşısında sınaqdan uğurla keçib


Rusiya Prezidenti Vladimir Putin ölkəsinin üzləşdiyi sanksiyalara baxmayaraq, iqtisadiyyatın dayanıqlılığını qoruduğunu bildirib.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, Putin bu barədə Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) biznes sammitində çıxışı zamanı danışıb.
O qeyd edib ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyaların sayına görə ölkə dünya rekordçusuna çevrilib. Bununla belə, onun sözlərinə görə, Rusiyanı beynəlxalq səviyyədə təcrid etmək cəhdləri uğursuzluğa düçar olub.
Putin son üç ildə Rusiyanın ümumi daxili məhsulunun (ÜDM) 10 faizdən çox artdığını və artımın davam etdiyini iddia edib. O, həmçinin ölkənin dövlət borcunun dünyada ən aşağı göstəricilərdən biri olduğunu vurğulayıb.
“Ölkəmiz coğrafi mövqeyinə, xalqlarımızın milli xarakterinə, qlobal iqtisadiyyat və siyasətdəki roluna görə bütün bu sınaqlardan uğurla keçib”, – deyə Rusiya lideri bildirib.
Putin, həmçinin qlobal iqtisadiyyatda “tektonik dəyişikliklərin” baş verdiyini qeyd edib. O, Rusiyanın dünyanın aparıcı iqtisadiyyatları arasında mövqeyini qoruduğunu və rəqəmsal transformasiya sahəsində ön sıralarda olduğunu iddia edib.
Prezident əlavə edib ki, Rusiya taxıl və gübrə ixracına görə dünyada lider mövqelərdən birini tutur və Asiya-Sakit Okean regionuna kənd təsərrüfatı məhsulları ilə mineral gübrə tədarükünün həcmini və coğrafiyasını genişləndirməyə hazırdır.