Prezidentin Vyetnamda böyük hörmətlə qarşılanması Azərbaycanla münasibətlərə önəm verildiyini göstərir - DEPUTAT


"Azərbaycanla Vyetnam məsafəcə bir-birindən uzaq olsalar da, artıq kifayət qədər bir-birinə yaxınlaşan, bir-biri ilə əlaqələr qurmaq istəyən ölkələrdir".
Bunu Plat.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
O qeyd edib ki, hər iki ölkə özünün iqtisadiyyatını yenidən qurur, dünya birliyində özünün layiqli yerini tutmağa çalışır:
"Azərbaycan Cənubi Qafqazın, Şərq dünyasının bu gün diqqətində olan ölkələrindən biridir. Vyetnam Cənub-Şərqi Asiyanın aparıcı ölkələrindən biridir. Onun Çinlə, Taylandla yaxınlığı, İndoneziya, Malayziya, Sinqapurla yaxınlığı artıq coğrafi qonşuluqdan daha çox iqtisadi əməkdaşlığa keçir. Beynəlxalq arenada hər iki ölkə əməkdaşlığın, dostluğun, sülhün, əmin-amanlığın tərəfdarıdır. Bu baxımdan bizi birləşdirən cəhətlər çoxdur"
Deputat əlavə edib ki, Prezident İlham Əliyevin Vyetnama səfəri iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə, əməkdaşlığın yeni sahələrinin tapılmasına müsbət təsir edəcək:
"Hətta üçüncü ölkələrdə birgə layihələr həyata keçirmək məsələləri müzakirə edilə bilər. Azərbaycanın neft-qaz emalı, məhsulların dünya bazarına çıxarılması, energetika sahəsində böyük təcrübəsi var. Təbii sərvətlərin istifadə edilməsində də Azərbaycanın bu gün milli maraqlara cavab verən böyük nümunəsi var və dünyanın diqqətindədir. Bütün bu məsələlər Vyetnamla birlikdə müzakirə edilə bilər. Həmçinin mədəniyyət, incəsənət, təhsil sahəsində də birgə fəaliyyətimiz, ayrı-ayrı qruplar arasında qarşılıqlı səfərlərin təşkil edilməsi, bütün bunların hamısı müzakirə edilən mövzular ola bilər. Cənab Prezidentimizin Vyetnamda böyük hörmətlə qarşılanması onun və Azərbaycanın Vyetnamda böyük hörmətə malik olduğunu, Vyetnamın Azərbaycanla münasibətlərə böyük diqqət etdiyini bir daha göstərir".
