Prezident narazı qaldı: “İstəmirəm ki, bu barədə çox sərt danışım”


Sportinfo.az xəbər verir ki, "Sumqayıt"ın prezidenti Riad Rəfiyev Premyer Liqanın 12-ci turunda "Sabah"la keçirilən oyundan (1:5) sonra sualları cavablandırıb.
- Əvvəlcə oyunla bağlı fikirlərinizi bölüşərdiz. Bu gün komanda ağır məğlubiyyətlə üzləşdi... - Matçla bağlı deyiləsi çox söz yoxdur. Təəssüflər olsun ki, hakimin bir qərarı bütün oyunu alt-üst etdi. Baxmayaraq ki, həftənin beşinci, iş günü idi, stadiona kifayət qədər azarkeş gəlmişdi. Komandaya dəstək olmaq üçün tribunaya gələn hər kəsə təşəkkür edirəm. Çox yaxşı futbol bayramı, maraqlı oyun ola bilərdi və elə də olacaqdı. Amma təəssüf ki, hakimin bir qərarı hər şeyi dəyişdi.
- Sözlərinizdən belə çıxır ki, hakimin futbolçunuzu meydandan qovması oyunun nəticəsinə birbaşa təsir etdi? - Bəli, oyunun nəticəsinə təsir etdi. İlk sarı vərəqə ilə razıyam. Lukas Blekə göstərilən ilk "sarı" düzgün idi. Amma ikinci sarı vərəqə, fikrimcə, çox sərt qərar oldu. Bəlkə də sarı vərəqə var idi, amma təcrübəli hakim ən azı futbolçunu yanına çağırıb xəbərdarlıq edə bilərdi. Deyərdi ki, bir də belə hərəkət etsən, ikinci sarı vərəqəni göstərəcəyəm. Oyunun 30-cu dəqiqəsidir, futbolçu cəmi iki qayda pozuntusu edib və hər ikisinə sarı vərəqə göstərilir. Əgər qaydaları bu qədər ciddi tətbiq ediriksə, bəs rəqib futbolçusu bizim oyunçunu bir neçə dəfə arxadan dartanda niyə sarı vərəqə verilmədi? Rəqibin oyunçusu dördüncü və yan xətt hakiminə qarşı aqressiv davrananda, onlara nəsə deyəndə niyə sarı vərəqə ilə cəzalandırılmadı? Bunlar hamısı suallardır. Təəssüf ki, yenə də ikili standartlarla üzləşirik. Amma neyləyək?
- Necə düşünürsüz, hakimlər bu mövsüm "Sumqayıt"a qarşı çox haqsızlıq edir? - Gəlin, belə deməyək. Hakim gəncdir. İstəmirəm ki, bu barədə çox sərt danışım. Bəlkə də qərar təcrübəsizlikdən irəli gəlir. Amma mənə görə, ikinci sarı vərəqəni göstərməkdə çox tələsdi. Futbolçumuz cəmi iki dəfə qayda pozuntusuna yol vermişdi və hər ikisinə sarı vərəqə göstərilməsi, fikrimcə, çox ağır cəza idi.
- Digər oyunlarda da belə epizodlara görə bu qədər tez sarı vərəqə göstəril? - Məncə, başqa oyunlarda belə hallarda bu qədər tez və asanlıqla sarı vərəqə göstərilmir.
- Hakimliklə bağlı şikayət etməyi düşünürsüz? - Onsuz da Hakimlər Komitəsinin sədri açıqlama verəcək və yenə deyəcək ki, hər şey qaydasındadır, heç bir problem yoxdur. Amma biz bu gün görürük ki, çempionatda ikili standartlar həddindən artıq çoxdur. Söhbət təkcə bugünkü oyundan getmir. Bəzi matçlarda, müəyyən epizodlarda sarı və qırmızı vərəqələr göstərilir, amma eyni vəziyyətlərdə başqa komandaların oyunlarında belə qərarlar verilmir. Ona görə də nə deyək?
- Komanda artıq ardıcıl üç oyundur qələbə qazana bilmir. Sanki, "Sumqayıt"ın üzərində psixoloji təzyiq var... - Əlbəttə, var.
- Son günlər mətbuatda yayılan xəbərlərə görə, "İmişli" ilə oyundan sonra nəticədən narazı qaldığınız üçün baş məşqçi və komanda ilə ciddi söhbət etmisiz... - Bu, komandanın daxili məsələsidir. Hazırda bu barədə danışmaq istəməzdim.
- Cari mövsümdə "Sumqayıt"ın qarşısına hansı məqsəd qoyulub? - Komandanın qarşısında həmişə olduğu kimi çempionatı mümkün qədər yüksək pillələrdə başa vurmaq məqsədi dayanır.
- Bu oyunla bağlı baş məşqçiyə qarşı hər hansı iradınız var? - Yenə də deyirəm, qırmızı vərəqəyə qədər bərabər səviyyəli oyun gedirdi. Düşünmürəm ki, futbolçumuzun qırmızı vərəqə almasına görə baş məşqçinin günahı var. İlk epizodda futbolçumuza göstərilən sarı vərəqə ilə razıyam. Amma bu, mənim şəxsi fikrimdir, hakim ikinci sarı vərəqəni göstərməkdə çox tələsdi. Ən azı xəbərdarlıq edə bilərdi. Başqa oyunlarda da belə xəbərdarlıqlar edilir.
- Qış fasiləsinə təxminən bir aydan bir qədər çox vaxt qalıb. Komandanı gücləndirmək, yeni transferlər etmək planınız var? - Bildiyiniz kimi, mövsüm başlayandan üç futbolçumuzu altı aydan çox müddətə itirmişik. Bunlardan biri qapıçımızdır, digəri Səbuhi Abdullazadədir. Hücumçumuz Jeam Oliveyra da ciddi zədə alıb və artıq onun üçün mövsüm başa çatıb. Bu futbolçularımızdan məhrum olmuşuq. Ona görə də qış fasiləsində komandaya yeni oyunçular cəlb etməliyik.
– Qış təlim-məşq toplanışını harda keçirməyi planlaşdırırsız? Xaricdə, yoxsa Azərbaycanda? – Bununla bağlı hələ qərar verilməyib.
