Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib


Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 22-də ABŞ-nin daxili təhlükəsizlik naziri Markveyn Mullini qəbul edib.
Dövlət başçısı bu ilin yanvarında Markveyn Mullinin ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin üzvü və Oklahoma ştatından respublikaçı senator kimi Azərbaycana səfərini və onunla görüşünü məmnunluqla xatırlayıb, qonağı yeni vəzifəsi münasibətilə təbrik edib.
İlham Əliyev 2026-cı ilin Azərbaycan-ABŞ münasibətləri üçün tarixi əhəmiyyət daşıdığını bildirib. O, ABŞ-nin vitse-prezidenti Cey.Di. Vensin Azərbaycana səfəri və bu çərçivədə “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanmasının ikitərəfli əlaqələrin genişlənməsinə mühüm töhfə verdiyini qeyd edib.
Prezident Donald Trampın Azərbaycan-ABŞ münasibətlərinin yüksək səviyyəyə çatdırılması və regionda sülhün təmin olunması istiqamətində səylərini yüksək qiymətləndirən İlham Əliyev Azərbaycanın da ABŞ ilə əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu deyib.
2025-ci ilin avqustunda keçirilən Vaşinqton Sammitini xatırladan dövlət başçısı regionda yeni vəziyyətin yarandığını və artıq bir ildən çoxdur sülh şəraitində yaşandığını bildirib.
Markveyn Mullin Azərbaycanla Ermənistan arasında sülh gündəliyi çərçivəsində əldə olunan nailiyyətlər münasibətilə İlham Əliyevi təbrik edib və bu prosesdə Prezident Donald Trampın rolunu qeyd edib.
ABŞ-nin daxili təhlükəsizlik naziri TRIPP layihəsinin əhəmiyyətinə toxunaraq, dəhlizin tam fəaliyyətə başlamasının Azərbaycanla Ermənistan, eləcə də region ölkələri arasında bağlantıların və iqtisadi-ticari əlaqələrin inkişafına töhfə verəcəyini vurğulayıb.
Görüşdə Azərbaycan-ABŞ münasibətlərinin perspektivləri barədə fikir mübadiləsi aparılıb, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin əməkdaşlıq imkanlarının müzakirəsi baxımından əhəmiyyəti qeyd olunub.
Dərc vaxtına görə
Anews.azoxuduğunuz
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib