Dövlət büdcəsindən kino sahəsinə 12,1 milyon manat ayrılacaq

müəllif EditorNoyabr 22, 2026Noyabr 22, 202602
Gələn ilin dövlət büdcəsi layihəsinə əsasən, Azərbaycanda kino sənayesinin dəstəklənməsi məqsədilə 12,1 milyon manat vəsait planlaşdırılır. Sahə nümayəndələri bildirir ki, bu məbləğin hara və necə xərclənəcəyi filmlərin səviyyəsinə və tamaşaçı marağına birbaşa təsir göstərəcək.
Növbəti ilin dövlət büdcəsi layihəsində Azərbaycan kinosunun inkişafına yönəlik 12,1 milyon manat vəsait nəzərdə tutulub. Bu məbləğin 3,1 milyon manatı Kino Agentliyi və Dövlət Film Fondunun fəaliyyətinin maliyyələşdirilməsinə sərf olunacaq, qalan hissə – 9 milyon manat isə sahənin uzunmüddətli inkişafına yönəldiləcək.
Milli Məclisin mədəniyyət məsələləri üzrə komitəsinin üzvü Elnarə Akimova bu məbləği ciddi dəstək kimi dəyərləndirsə də, qeyd edib ki, uğur təkcə ayrılan pulun miqdarından deyil, hansı layihələrə və hansı prinsiplərlə yönəldilməsindən asılıdır. Onun sözlərinə görə, maliyyə resursu özü-özlüyündə keyfiyyət zəmanəti vermir, yalnız düzgün idarəetmə ilə yaradıcı potensialın birləşməsi nəticə verə bilər.
Deputat bildirib ki, diqqət təkcə yeni lentlərin çəkilişinə deyil, həm də ssenari sahəsinin güclənməsinə, gənc rejissor və prodüserlərin hazırlanmasına, texniki infrastrukturun müasirləşdirilməsinə, filmlərin nümayiş və yayım kanallarının genişlənməsinə yönəlməlidir.
Akimova şəffaf və rəqabətə əsaslanan maliyyələşmə sisteminin tətbiqini, layihə seçiminin müstəqil ekspert rəyi əsasında aparılmasını, həmçinin gənc kadrlara və müstəqil studiyalara da yol açılmasını önəmli sayıb. Onun fikrincə, xüsusi diqqət animasiya, uşaqlar üçün filmlər, sənədli janr və ilk işlərə ayrılmalıdır. Deputat onu da vurğulayıb ki, kino sənayesi yalnız dövlət maliyyəsinə bağlı qalmamalı, özəl investorların və rəqəmsal platformaların da bu sahəyə cəlb edilməsi vacibdir.
Kino Agentliyinin iş istiqamətləri
Kinodramaturq İlqar Fəhmi bildirib ki, ayrılan büdcənin həcmi görüləcək işlərin miqyasını birbaşa müəyyən edir. Onun sözlərinə görə, Kino Agentliyinin fəaliyyət dairəsi yalnız film çəkilişi ilə bitmir – bura təlim proqramları, beynəlxalq festivallarda təmsilçilik, yerli tədbirlərə dəstək və gənclər üçün layihələr də daxildir.
Ssenarist Nicat Dadaşov vəsaitin artırılmasını müsbət addım kimi qiymətləndirib, lakin bildirib ki, bu resurs sadəcə əvvəlki istiqamətlərin təkrarına deyil, bütövlükdə kino ekosisteminin böyüməsinə xidmət etməlidir. O, Azərbaycan filmlərinin xaricdə tanıdılmasını, beynəlxalq yarışmalarda iştirakçı sayının artırılmasını və yerli tamaşaçının kinoya marağının bərpasını prioritet hədəflər sırasına daxil edib, bunun üçün tanıtım və reklam işlərinə də ayrıca büdcə ayrılmasının zəruri olduğunu bildirib.
Kinorejissor və “Sinema-radio” kanalının rəhbəri Kamran Qasımov isə gələn il üçün planlaşdırılan məbləği sevindirici adlandırıb və bildirib ki, vəsait müsabiqə əsasında bölüşdürüləcək. Onun sözlərinə görə, bu il Azərbaycan filmləri xarici festivallarda mükafatlar qazanıb və yeni ayrılan büdcə tamaşaçı marağını artıracaq məhsulların yaradılmasına xidmət etməlidir.
Foto: Interfase / Wikimedia Commons, Public domain