Pornoqrafiyadan əldə olunan gəlirlə meşələri xilas etmək istəyirlər


Avstraliyanın Tasmaniya adasında qədim meşələrin qırılmasının qarşısını almaq üçün qeyri-adi təşəbbüs irəli sürülüb. Layihənin müəllifləri pornoqrafik videoların satışından əldə edilən gəliri meşələrin qorunmasına yönəltməyi planlaşdırırlar.
Xitab24.az xəbər verir ki, “Guardian” qəzetinin məlumatına görə, avstraliyalı rəssam və Mona Müasir İncəsənət Muzeyinin rəhbərlərindən biri olan Kirşa Keyçel “OnlyFerns” adlı layihəyə start verib.
Layihə çərçivəsində “OnlyFans” platformasında meşə mövzulu erotik videolar yayımlanır. Tasmaniyanın meşələrində və mişar zavodlarında çəkilən 12 videodan əldə ediləcək gəlir qədim meşələrin qorunmasına sərf olunacaq.
Təşəbbüsün əsas məqsədi meşələrin məhv edilməsinin qarşısını almaqdır. Belə ki, layihədən əldə olunan vəsait hesabına meşə işçilərinə ağacları kəsmək əvəzinə, qorunan ərazilərdə taxta yollar, incəsənət obyektləri və digər qurğular hazırlamaq üçün əməkhaqqı ödənilməsi nəzərdə tutulur.
Layihənin müəllifi hesab edir ki, təbiətin qorunması yalnız ağac kəsilməsinə qadağa qoymaqla mümkün deyil. Bu prosesdə meşə sənayesində çalışan insanların iqtisadi maraqları da nəzərə alınmalıdır.
Təşəbbüsün arxasında Tasmaniyanın Mona muzeyi və onun qurucusu Devid Uolşun maliyyə dəstəyi də dayanır. Videoların istehsal xərcləri əvvəlcədən qarşılanıb, gəlirlərin isə meşələrin qorunması layihələrinə yönəldilməsi planlaşdırılır.
Bununla belə, təşəbbüs birmənalı qarşılanmayıb. Bəzi ekoloji təşkilatlar layihəni tənqid edərək onun meşələrin yalnız məhdud hissəsini qorumağa yönəldiyini və ağac kəsilməsinin ümumilikdə dayandırılmasını təmin etmədiyini bildiriblər.
