Polşada Ukraynanın “Bohdana” özüyeriyən artilleriya qurğusunun yerli istehsal qiyməti 3,4 milyon avro hesablanıb


Polşa şirkətləri Ukraynanın “Bohdana” özüyeriyən artilleriya qurğusunun yerli istehsalına 2028-ci ildə başlamağı və illik 100 qurğu istehsal etməyi planlaşdırır.
Daha əvvəl qeyd edilmişdi ki, Polşa on ildən çox müddət ərzində Kryl təkərli özüyeriyən artilleriya qurğusu üzərində işləyib, lakin nəticədə Ukraynanın “Bohdana” özüyeriyən artilleriya qurğusunun istehsalına keçmək qərarına gəlib.
İndi isə Polşa podratçılarının yerli istehsal olan “Bohdana” qurğularının hər birinin cəmi 3,4 milyon avroya başa gələcəyini gözlədikləri barədə məlumatlar ortaya çıxıb. Bu layihə ilə bağlı diqqətçəkən məqamlar bununla bitmir.
“Bohdana” qurğularının Polşada istehsalını PK MIL müdafiə konqlomeratı həyata keçirəcək. Şirkətin səhmlərinin 51 faizi Polşanın hidravlik avadanlıq istehsalçısı PONAR Wadowice şirkətinə məxsusdur.
PONAR şirkətinin rəhbərliyi Polşada “Bohdana” özüyeriyən artilleriya qurğularının gələcək istehsalını təşkil etmək üçün vəsait toplamaq məqsədilə səhm emissiyası həyata keçirmək niyyətindədir. İstehsala artıq 2028-ci ildə başlanılması planlaşdırılır. Polşa tərəfi istehsalın başlanması üçün tələb olunan vəsaitin həcmini hələ açıqlamayıb.
Bunun əvəzinə şirkətlər istehsalın gələcək göstəricilərini açıqlayıblar. İldə 100 özüyeriyən artilleriya qurğusu istehsalına nail olunacağı təqdirdə, illik gəlirin təxminən 1,5 milyard Polşa zlotisi təşkil edəcəyi gözlənilir.
Sadə hesablamalar və mövcud valyuta məzənnələri nəzərə alındıqda, Polşa tərəfinin yerli istehsal ediləcək bir “Bohdana” özüyeriyən artilleriya qurğusunun qiymətini cəmi 3,4 milyon avro səviyyəsində görmək istədiyi məlum olur. Bu göstərici real görünmür və olduqca aşağıdır.
Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin dekabrına olan məlumatlara əsasən, Ukraynanın artilleriya qurğuları üzrə 750 milyon avroluq ən böyük sifarişi çərçivəsində “Bohdana”nın yeni Almaniya şassisi alacağı bildirilirdi. Həmin sifariş üzrə bir artilleriya qurğusunun qiyməti 3,75 milyon avro təşkil edəcəkdi.
Digər müqayisə üçün 2026-cı ilin sentyabrına aid göstəriciləri də qeyd etmək olar. Həmin vaxt “Bohdana” özüyeriyən artilleriya qurğusunun qiyməti təxminən 2,5 milyon dollar, yedəkli variant olan “Bohdana-BQ”nun qiyməti isə 1,6 milyon dollar səviyyəsində qiymətləndirilirdi.
Beləliklə, konfiqurasiyadan və yerli istehsal səviyyəsindən asılı olmayaraq, bir “Bohdana” özüyeriyən artilleriya qurğusu üçün 3,4 milyon avro qiymət kifayət qədər aşağı görünür. Bu isə müəyyən mərhələdə Polşanın PK MIL şirkətinin podratçılarının öz imkanlarını düzgün qiymətləndirməməsi riskini yaradır.
Hətta PONAR Wadowice şirkətinin “Krab” özüyeriyən artilleriya qurğuları üçün hidravlik avadanlıqların istehsalı sahəsində təcrübəsini özünün güclü tərəflərindən biri hesab etdiyini nəzərə alsaq belə, layihənin maliyyə və istehsal göstəriciləri ilə bağlı suallar qalır.
Sevinc Əliyeva Ordu.az
