Fransada üç polis əməkdaşı irqçiliyə görə cəzalandırıldı


Fransada məhkəmə 2020-ci ildə qaradərili musiqi prodüseri Mişel Zeklerə qarşı zorakılıq törətmiş üç keçmiş polis əməkdaşına həbs cəzası verib.
Xitab24.az xəbər verir ki, bu barədə “Le Monde” nəşri məlumat yayıb.
Məhkəmə hadisənin irqçi motivlərlə müşayiət olunduğunu ağırlaşdırıcı hal kimi tanıyıb.
Hadisə 2020-ci il noyabrın 21-də Parisdə baş verib. Polis əməkdaşları həmin vaxt 47 yaşlı musiqi prodüseri Mişel Zekleri COVID-19 pandemiyası dövründə məcburi olan qoruyucu maskanı taxmadığına görə saxlayıblar.
Araşdırma zamanı məlum olub ki, polis əməkdaşları Zekleri musiqi studiyasının girişinə doğru itələyərək döyməyə başlayıblar. Hadisə studiyanın müşahidə kameralarına düşüb. Görüntülərdə prodüserin bir neçə dəqiqə ərzində yumruq və dəyənək zərbələrinə məruz qaldığı əks olunub.
Nəticədə Zekler başından xəsarət alıb, dodağı və baş dərisi yaralanıb, həmçinin biseps vətəri tamamilə qopub.
İşin araşdırılması zamanı polis əməkdaşlarının hadisə ilə bağlı rəsmi protokolu saxtalaşdırdıqları da müəyyən edilib. Onlar Zeklerin özlərinə hücum etdiyini və silahlarından birini ələ keçirməyə çalışdığını iddia etsələr də, müşahidə kameralarının görüntüləri bu versiyanı təkzib edib.
Məhkəmənin hökmünə əsasən, polislərdən 29 yaşlı Aurelien Lapersonne 5 il həbs cəzasına məhkum edilib. Cəzanın 3 ili şərti hesab olunub.
50 yaşlı Philippe Tondeux isə 5 il həbs cəzası alıb. Bunun 3 il 6 ayı şərti hesab edilib.
37 yaşlı Pierre Plantier 5 il həbs cəzasına məhkum olunub. Cəzanın 4 ili şərti hesab edilib, qalan 1 ili isə elektron izləmə qolbağı ilə evdə çəkilməsi nəzərdə tutulub.

Oxu.az+1 mənbə