“Politico”: Almaniya Le Pen hakimiyyətə gəlsə belə, Ukraynaya yardımı davam etdirməyin yolunu tapıb


Berlin Avropa İttifaqının gələcəkdə Ukraynaya maliyyə dəstəyini davam etdirməsinə imkan verəcək mexanizm yaratmağa çalışır.
Ordu.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Almaniya Avropa İttifaqına gələcəkdə Ukraynaya əlavə vəsait ayırmaq üçün maliyyə manevr imkanları verəcək sxemi rəsmiləşdirməyə çalışır. Bu mexanizm Avropada Kiyevə dəstəyə ictimai marağın azalması və gələn il Fransada keçiriləcək prezident seçkilərində Marin Le Penin mümkün qələbəsi ehtimalı nəzərə alınmaqla hazırlanır.
Le Pen hakimiyyətə gələcəyi təqdirdə seçkiqabağı vədini yerinə yetirərək Ukraynaya yardımı əhəmiyyətli dərəcədə azaltacağını dəfələrlə bildirib.
Berlinin planı Avropa İttifaqına Ukraynaya əlavə vəsait ayırmaq üçün maliyyə manevr imkanları yaratmaqdan ibarətdir. Söhbət Avropa Komissiyasının ittifaqın növbəti yeddiillik büdcəsi çərçivəsində artıq təklif etdiyi 100 milyard avrodan əlavə vəsaitlərin cəlb edilməsindən gedir.
“Headroom” adlanan bu mexanizm gələcəkdə Ukrayna üçün maliyyə vəsaitlərinin cəlb edilməsinə imkan verəcək. Bunun üçün dərhal böyük və siyasi baxımdan populyar olmayan xərclərin ayrılması tələb olunmayacaq.
Avropalı rəsmilərdən biri Ukraynanın maliyyələşdirilməsinin hazırda əvvəlkindən daha mübahisəli məsələyə çevrildiyini bildirib. Onun sözlərinə görə, Marin Le Pen apreldə Fransada keçiriləcək prezident seçkilərində qalib gəlsə, vəziyyət daha da gərginləşəcək.
Uzunmüddətli büdcənin və müvafiq “headroom” mexanizminin qəbul edilməsi Avropa İttifaqına üzv bütün ölkələrin yekdil dəstəyini tələb edir. Lakin Almaniyanın planı uğurlu olarsa, gələcək borclanma qərarları yalnız ixtisaslı səs çoxluğu ilə qəbul ediləcək.
Danışıqların gedişindən məlumatlı avropalı diplomatın sözlərinə görə, bu, ayrı-ayrı ölkələrin Ukraynaya yardımı bloklamaq imkanlarını əhəmiyyətli dərəcədə çətinləşdirəcək.
“Bugünkü geosiyasi dünyada yekdil qərar qəbul edilməsi tələbinin heç bir mənası yoxdur”, - deyə diplomat bildirib.
Berlin yalnız Fransanın və Ukraynaya yardıma ənənəvi şəkildə qarşı çıxan Macarıstan və Çexiya kimi ölkələrin mövqeyindən narahat deyil. Almaniyanın öz daxili siyasi vəziyyəti də ciddi narahatlıq doğurur.
Belə ki, “Almaniya üçün Alternativ” ultra-sağçı partiyası ölkənin şərqindəki federal torpaqlarda keçirilən seçkilərdə tarixi qələbələr qazanıb və sorğularda kansler Fridrix Mertsin mühafizəkar partiyasını xeyli qabaqlayıb.
Məqalədə qeyd olunur ki, bu uğurun əsas səbəblərindən biri Berlinin Ukraynaya dəstək üçün çəkdiyi xərclərin tənqid olunmasıdır.
Məhz Almaniyadakı bu daxili siyasi vəziyyət Fridrix Mertsin Ukraynaya yardımı Avropa İttifaqının növbəti uzunmüddətli büdcəsinə daxil etməyə və onun sözləri ilə desək, ittifaq ölkələri arasında “yükün bölüşdürülməsini” artırmağa çalışmasının səbəbini izah edir.
Mertsin Kiyevə dəstəyi büdcə danışıqları ilə əlaqələndirməsi dolayı təzyiq vasitəsi də hesab olunur. Belə ki, hansısa ölkələr “headroom” planını bloklamağa çalışarsa və ya Ukraynaya yardımdan imtina edərsə, o, Almaniyanın Avropa İttifaqının regional inkişaf fondlarına ayırdığı vəsaiti azaltmağa hazır olduğunu bildirir. Şərqi Avropa ölkələri ən çox məhz bu fondlardan asılıdır.
Sevinc Əliyeva Ordu.az
