Paşinyanın istefa bəyanatı hakimiyyətdə narahatlıq yaratdı: Ermənistan iqtidarında siyasi gələcəklə bağlı təşviş artır


“Paşinyanın bəyanatının hakimiyyət düşərgəsində narahatlıq yaratdığı məlum olub, hakim Vətəndaş Müqaviləsi partiyasının bəzi üzvləri seçkidən cəmi beş ay sonra qarşıdakı beş il üçün qurduqları planların sual altına düşməsindən narazılıq ediblər”.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşrin məlumatına görə, çərşənbə günü parlament-hökumət sual-cavab sessiyası zamanı Ermənistanın baş naziri Nikol Paşinyan müxalifətə yeni Konstitusiyanın referendumda səsə qoyulmasına dəstək vermək müqabilində siyasi təklif irəli sürüb.
“Paşinyan müxalifətə təklif edib ki, yeni Konstitusiyanın referendumda səsə qoyulmasına dəstək versinlər. Əgər referendumun nəticələrinə əsasən, xalq yeni Konstitusiyaya qarşı çıxsa, o, istefa verəcək. Əgər xalq Konstitusiyanı dəstəkləsə, sülh sazişini imzalayacaq və bu halda da istefa verəcək. Yəni istənilən nəticədə onun istefası qaçılmaz olacaq”, - deyə nəşr yazıb.
Məqalədə bildirilir ki, bu açıqlama hakimiyyət dairələrində narahatlıq doğurub. Nəşrin hakim “Vətəndaş Müqaviləsi” partiyasının bəzi üzvləri ilə söhbətinə əsasən, onlar seçkidən cəmi beş ay keçməsinə baxmayaraq, qarşıdakı beş il üçün planlarının olduğunu bildiriblər.
“Bəzi “Vətəndaş Müqaviləsi” partiyası üzvləri narazılıqlarını ifadə edərək deyiblər ki, seçkidən beş ay keçib, onların isə qarşıdakı beş illə bağlı planları var. Paşinyanın istefa verəcəyi və ya növbədənkənar seçkilərə gedəcəyi barədə açıqlaması nə deməkdir? Onlar bu ssenaridə hakimiyyətin sonunu və bununla əlaqədar öz gələcəklərinin qeyri-müəyyənliyini görürlər və bundan narahatdırlar”, - deyə nəşr qeyd edib.
Məqalədə vurğulanıb ki, nəşrin fikrincə, bu vəziyyət hakim partiyanın siyasi mövqeləri və üzvlərinin gələcək planları ilə bağlı suallar yaradıb.
“Bu, “Vətəndaş Müqaviləsi” partiyasının qızıl dövrünün başa çatdığı anlamına gəlir. Onlar kifayət qədər gəncdirlər və gələcəkləri barədə düşünməlidirlər. Buna görə də yaxın vaxtlarda açıqlamalarında passiv mövqe tutmaq, daha təmkinli danışmaq qərarına gəliblər ki, Nikol Paşinyanla birlikdə siyasi baxımdan məhv olmasınlar və ondan sonrakı dövrdə də həyatlarının davam edəcəyini nəzərə alsınlar”, - deyə nəşr hakim partiya daxilindəki mənbələrə istinadən yazıb.
“Hraparak” əlavə edib ki, Paşinyanın ertəsi gün əvvəlki açıqlamasını müəyyən qədər dəyişməsi də bu narahatlıqla bağlı ola bilər: “Belə ki, baş nazir Konstitusiya dəyişikliyi baş verəcəyi təqdirdə 2031-ci ildə keçiriləcək növbəti seçkidə namizədliyini irəli sürməyəcəyini bildirib”.
Alpər Mövludoğlu Ordu.az

Yeni Şirvanlı+2 mənbə