Paşinyandan açıqlama: TRIPP layihəsi rəsmən işə salınır – Azərbaycan və Türkiyə ilə bağlı yeni plan


21 Noyabr, 2026 - 16:0816
Ermənistan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin başlanmasını noyabrın 22-də rəsmən elan edəcək. Layihə çərçivəsində Ermənistanın Azərbaycan və Türkiyə ilə elektrik şəbəkələrini birləşdirməsi də nəzərdə tutulur.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən “Digitec 2026” yüksək texnologiyalar forumunda NVIDIA şirkətinin vitse-prezidenti Rev Lebaredyanla müzakirə zamanı danışıb.
“Sabah TRIPP layihəsinin başlanmasını rəsmən elan edəcəyik”, – deyə Paşinyan bildirib.
Baş nazirin sözlərinə görə, elektrik enerjisinin tranziti layihənin əsas istiqamətlərindən biri olacaq. Ermənistan Türkiyə və Azərbaycanla elektrik şəbəkələrini birləşdirməyi planlaşdırır.
Paşinyan qeyd edib ki, Ermənistan artıq Gürcüstan və İranın elektrik şəbəkələrinə qoşulub, mövcud ötürmə imkanlarının səmərəliliyinin artırılması istiqamətində də investisiyalar həyata keçirir.
Qeyd edək ki, noyabrın 7-də Azərbaycan, Ermənistan və ABŞ arasında layihənin irəlilədilməsi məqsədilə nəqliyyat və elektrik enerjisinin ötürülməsi üzrə üçtərəfli texniki planlaşdırma qrupları yaradılıb.
Günay Əli
KONKRET.az
