YAP: Dövlətçilik tariximizin yeni mərhələsini formalaşdıran siyasi iradə


Dərc olunub: Bu gün, 15:20
Bölmə: Video
Azərbaycanın müasir siyasi tarixində elə hadisələr var ki, onların əhəmiyyəti yalnız baş verdiyi dövrün reallıqları ilə deyil, həm də gələcək nəsillərin taleyinə göstərdiyi təsirlə ölçülür. 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılması məhz belə tarixi hadisələrdən biridir. Bu, sadəcə yeni bir siyasi təşkilatın meydana gəlməsi deyil, ölkənin mürəkkəb siyasi şəraitdən çıxışına, dövlətçiliyin qorunmasına və milli inkişaf strategiyasının formalaşmasına yönəlmiş böyük ictimai-siyasi iradənin təzahürü idi.
1990-cı illərin əvvəllərində Azərbaycan son dərəcə mürəkkəb tarixi sınaqlarla üz-üzə qalmışdı. Siyasi qeyri-sabitlik, idarəetmə böhranı, Ermənistanın hərbi təcavüzü, torpaqlarımızın işğalı və dövlət müstəqilliyinin itirilməsi təhlükəsi cəmiyyətdə ciddi narahatlıq doğururdu. Belə bir şəraitdə xalq güclü siyasi liderə, milli maraqları rəhbər tutan prinsipial mövqeyə və ölkəni böhrandan çıxara biləcək aydın inkişaf strategiyasına ehtiyac duyurdu.
Məhz həmin tarixi məqamda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi təcrübəsi, müdrikliyi və dövlətçilik təfəkkürü cəmiyyətin diqqət mərkəzinə çevrildi. Azərbaycanın müxtəlif bölgələrindən olan 91 nəfər ziyalının 1992-ci il oktyabrın 16-da Heydər Əliyevə müraciəti, onun isə bu müraciətə müsbət cavabı yeni siyasi hərəkatın əsasını qoydu.
1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası yaradıldı və Heydər Əliyev partiyanın Sədri seçildi. Bununla Azərbaycan siyasi həyatında yeni bir mərhələnin başlanğıcı qoyuldu. Yeni Azərbaycan Partiyası qısa müddətdə xalqın etimadını qazanaraq ümumxalq partiyasına çevrildi.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası ölkədə siyasi sabitliyin bərqərar olunması, dövlət institutlarının möhkəmləndirilməsi, milli maraqların qorunması və Azərbaycanın beynəlxalq münasibətlər sistemində layiqli yer tutması istiqamətində mühüm siyasi qüvvə kimi çıxış etdi. Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik fəlsəfəsi, azərbaycançılıq ideologiyası və milli həmrəylik prinsipləri partiyanın siyasi fəaliyyətinin əsas ideoloji dayaqlarına çevrildi.
Bu siyasi irs bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yeni tarixi mərhələdə uğurla davam etdirilir. Cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş, regionun güclü və nüfuzlu dövlətlərindən birinə çevrilmişdir. 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər və 2023-cü ilin sentyabrında suverenliyimizin tam bərpası Azərbaycan dövlətçiliyinin ən şanlı səhifələrindəndir.Bu Zəfər, eyni zamanda, Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının, Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinin və Azərbaycan xalqının milli birliyinin təntənəsidir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunan tarixi nailiyyətlər Yeni Azərbaycan Partiyasının siyasi məsuliyyətini və ideoloji missiyasını daha da artırır.Bu gün Yeni Azərbaycan Partiyası yalnız siyasi təşkilat deyil, həm də dövlətçilik ənənələrinin qorunması, milli maraqların müdafiəsi, gənc nəslin vətənpərvərlik ruhunda formalaşması və cəmiyyətin siyasi proseslərdə fəal iştirakının təmin edilməsi baxımından mühüm ictimai-siyasi institutdur. Partiyanın fəaliyyəti zamanın tələblərinə uyğun olaraq yenilənir, yeni hədəflər və strateji vəzifələrlə zənginləşir.
Xüsusilə Yeni Azərbaycan Partiyasının VIII Qurultayında müəyyənləşdirilən vəzifələr partiyanın qarşıdakı dövr üçün fəaliyyət istiqamətlərini, ideoloji işin gücləndirilməsini, təşkilati strukturun təkmilləşdirilməsini və Ərazi Partiya Təşkilatlarının fəaliyyətinin daha da genişləndirilməsini ön plana çıxarır. Bu, partiyanın cəmiyyətlə əlaqələrinin möhkəmləndirilməsi və siyasi proseslərdə iştirakının daha da fəallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Yeni Azərbaycan Partiyasının 34 illik tarixi göstərir ki, bu siyasi təşkilat zamanın sınaqlarından keçərək öz ideoloji əsaslarına və dövlətçilik prinsiplərinə sadiq qalıb. Onun keçdiyi yol müstəqil Azərbaycanın formalaşması, möhkəmlənməsi və qüdrətlənməsi tarixi ilə sıx bağlıdır.
Bu gün Yeni Azərbaycan Partiyasının hər bir üzvünün üzərinə düşən əsas vəzifə Ulu Öndər Heydər Əliyevin siyasi irsini yaşatmaq, Prezident İlham Əliyevin müəyyən etdiyi strateji hədəflərin həyata keçirilməsinə töhfə vermək, dövlətə və xalqa sədaqətlə xidmət etməkdir.
Yeni Azərbaycan Partiyası dünənin tarixi zərurətindən doğan, bu günün siyasi reallıqlarını formalaşdıran və gələcəyin inkişaf hədəflərinə istiqamət verən siyasi qüvvədir. Onun 34 illik fəaliyyəti bir həqiqəti təsdiqləyir: güclü dövlət, milli birlik və qətiyyətli liderlik Azərbaycanın davamlı inkişafının başlıca təminatıdır.
Əfəndi İbrahimli
1 mənbə