Paşinyan YENİ reallığı qəbul etdi – Ermənistan Azərbaycandan asılı vəziyyətə düşür


8 18.11.2026 17:48 Ölkə A A
Ermənistanın Azərbaycandan 105 min ton yük qəbul etməsi Bakı və İrəvan arasında münasibətlərin yalnız siyasi bəyanatlar və diplomatik təmaslarla məhdudlaşmadığını, iqtisadi müstəvidə də yeni reallıqların formalaşdığını göstərir. Azərbaycan ərazisindən tranzit daşımalarının genişlənməsi uzun illər davam edən qarşıdurmadan sonra regionda iqtisadi əməkdaşlıq imkanlarının tədricən üzə çıxdığını ortaya qoyur.
Bu proses həm də Azərbaycanın regional nəqliyyat-logistika qovşağı kimi mövqeyini və sülh gündəliyindəki iqtisadi üstünlüklərini bir daha ön plana çıxarır. Noyabrın 12-də İrlandiyanın Dublin şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə də bu istiqamətdə mühüm mesajlar verilib. Tərəflər 2025-ci ilin noyabrından indiyədək Azərbaycan ərazisi vasitəsilə Ermənistana 105 min ton yük daşındığını müsbət inkişaf kimi qeyd ediblər. Görüşdə TRIPP layihəsinin dəmir yolu və avtomobil yolu komponentlərinin planlaşdırılması, sərhədlərin delimitasiyası, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi və enerji sistemlərinin gələcəkdə birləşdirilməsi məsələləri də müzakirə olunub.
Bu fakt göstərir ki, vaxtilə Azərbaycanın ərazi bütövlüyünə və regional mövqeyinə qarşı çıxan Ermənistan indi iqtisadi və nəqliyyat baxımından Bakı ilə əməkdaşlığın əhəmiyyətini daha aydın dərk etməyə başlayır. Bununla belə, tranzit daşımalarının artmasını hələ tammiqyaslı iqtisadi yaxınlaşma və siyasi münasibətlərin normallaşmasının başa çatması kimi qəbul etmək tezdir. Əsas məsələ bu prosesin davamlı iqtisadi əməkdaşlığa çevrilməsi, Ermənistanın regional kommunikasiyaların açılması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi və Azərbaycanın maraqlarının təmin olunmasıdır.
İrəvan Bakının yaratdığı bu iqtisadi imkanlardan istifadə etməklə real sülhə və qarşılıqlı faydalı əməkdaşlığa hazır olduğunu sübut edə biləcəkmi?
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Musavat.com-a bildirdi ki, Azərbaycan ərazisi vasitəsilə Ermənistana 105 min ton yükün daşınması və noyabrın 12-də Dublində keçirilən Əliyev-Paşinyan görüşündə bu göstəricinin müsbət inkişaf kimi dəyərləndirilməsi Cənubi Qafqazda yeni geosiyasi və hüquqi reallıqların tədricən oturuşmasından xəbər verir:
“Uzun illər davam edən münaqişə və qarşılıqlı təcrid siyasətindən sonra iqtisadi-tranzit mexanizmlərinin işə düşməsi tərəflər arasındakı münasibətlərin artıq sırf diplomatik bəyanatlar müstəvisindən praktiki əməkdaşlıq fazasına keçməsi, o cümlədən beynəlxalq hüquq və tranzit rejimi nöqteyi-nəzərindən suverenlik və ərazi yurisdiksiyasının de-fakto qəbul edilməsidir.
Hər hansı bir dövlətin ərazisindən digər ölkəyə yükdaşımaların həyata keçirilməsi həmin ərazinin hüquqi statusunun, gömrük nəzarətinin və milli qanunvericiliyinin tanınmasını şərtləndirir. Bu kontekstdə 105 min tonluq yük dövriyyəsi Ermənistanın rəsmi Bakının yaratdığı yeni regional status-kvonu və Azərbaycanın ərazi bütövlüyünə əsaslanan nəqliyyat-logistika qaydalarını praktiki olaraq qəbul etdiyinin təsdiqidir. Eyni zamanda, bu proses regional sülh gündəliyində iqtisadi qarşılıqlı asılılıq modelinin tətbiqi kimi çıxış edir.
Dublin görüşündə TRIPP layihəsinin dəmir yolu və avtomobil yolu komponentlərinin planlaşdırılması, eləcə də enerji sistemlərinin gələcəkdə birləşdirilməsi ilə bağlı aparılan müzakirələr göstərir ki, nəqliyyat tranziti daha geniş regional inteqrasiya layihələrinin başlanğıc nöqtəsi ola bilər. Azərbaycan bu addımla özünün təkcə enerji təhlükəsizliyi deyil, həm də Avrasiya məkanında əvəzolunmaz nəqliyyat-logistika mərkəzi kimi strateji əhəmiyyətini bir daha nümayiş etdirir. Bununla belə, siyasi-hüquqi təhlil göstərir ki, tranzit daşımalarının artmasını hələ yekun sülhün və tam normallaşmanın başa çatması kimi qiymətləndirmək tezdir. İqtisadi əməkdaşlıq sülh prosesini sürətləndirən mühüm katalizator olsa da, onun dayanıqlı olması üçün hüquqi cəhətdən məcburi təminatlar tələb olunur. Sərhədlərin delimitasiyası və demarkasiyasının yekunlaşması, İrəvanın Azərbaycanın suverenliyinə qarşı gələcək ərazi iddialarını tam istisna edən hüquqi-konstitusion dəyişiklikləri reallaşdırması bu prosesin ayrılmaz şərtidir.
Bu prizmandan baxdıqda 105 min tonluq yükdaşımalar İrəvan üçün regional blokadadan çıxmaq və iqtisadi dividendlər əldə etmək baxımından real imkanlar açsa da, bu imkanların uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığa çevrilməsi Ermənistanın regional kommunikasiyaların açılması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri, xüsusilə də Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin təmin edilməsi məsələsini nə dərəcədə ardıcıl və tam yerinə yetirəcəyindən asılı olacaq. Bakının yaratdığı bu iqtisadi körpünün davamlı sülh müqaviləsi ilə möhkəmləndirilməsi indi məhz İrəvanın siyasi və hüquqi öhdəliklərə sadiqliyindən asılıdır”.
Cavanşir Abbaslı,Musavat.com
1 mənbə
