Paşinyan komandasındakı gizli gərginlik: Simonyanın növbəti hədəfi nədir?


Ermənistanda yeni Konstitusiya layihəsinin Təhlükəsizlik Şurası katibi vəzifəsini nəzərdə tutmaması ilə bağlı açıqlama hüquqi və siyasi baxımdan fərqli kontekstlərdə qiymətləndirilə bilər.
ERAmedia-nın məlumatına görə, bunu sabiq millət vəkili Qulamhüseyn Əlibəyli Ermənistanın yeni Konstitusiya layihəsi və Təhlükəsizlik Şurası katibi Alen Simonyanın siyasi gələcəyi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
Əlibəylinin sözlərinə görə, Təhlükəsizlik Şurası katibi vəzifəsinin Konstitusiyada ayrıca təsbit olunmasına xüsusi zərurət yoxdur. Konstitusiyalarda, bir qayda olaraq, Təhlükəsizlik Şurasının bir qurum kimi yaradılması, ona kimin rəhbərlik etməsi və əsas funksiyaları müəyyənləşdirilir. Şuranın tərkibi, daxili strukturu, katibin statusu və səlahiyyətləri kimi məsələlər isə cari qanunvericilik və ya dövlət başçısının aktları ilə tənzimlənir.
O bildirib ki, bu, beynəlxalq təcrübədə geniş yayılmış yanaşmadır. Əsas Qanun institutun mövcudluğunu təmin edir, onun gündəlik fəaliyyətinin təşkilini isə daha çevik normativ aktlara həvalə edir.
Məsələn, Rusiya Konstitusiyasında Prezidentin Təhlükəsizlik Şurasını formalaşdırdığı və ona rəhbərlik etdiyi təsbit olunur. Şuranın statusu isə federal qanunla müəyyən edilir. Bu ölkədə Təhlükəsizlik Şurası katibi vəzifəsi də Konstitusiya səviyyəsində deyil, ayrıca qanunla nəzərdə tutulub.
Türkiyədə Milli Təhlükəsizlik Şurasının yaradılması, tərkibi və funksiyaları Konstitusiyada göstərilsə də, Milli Təhlükəsizlik Şurası Baş Katibliyinin təşkili və vəzifələri prezidentin qərarnaməsi ilə tənzimlənir. Baş katib vəzifəsi də həmin normativ akt əsasında müəyyən olunur.
Azərbaycan Konstitusiyasında da Təhlükəsizlik Şurasının Prezident tərəfindən yaradılması nəzərdə tutulur. Şuranın katibi vəzifəsi Əsas Qanunda ayrıca göstərilməyib, prezidentin fərmanı ilə müəyyən edilir.
Beləliklə, hər üç ölkədə modellər fərqli olsa da, ümumi prinsip eynidir: Təhlükəsizlik Şurası katibi vəzifəsi konstitusiya normasının deyil, daha aşağı səviyyəli normativ aktların predmetidir.
Əlibəyli qeyd edib ki, Ermənistanda da mövcud vəziyyət Rusiyadakı modelə bənzəyir. 2015-ci il Konstitusiyasına görə, Baş nazir Təhlükəsizlik Şurasına rəhbərlik edir, Şuranın tərkibi, formalaşdırılması və fəaliyyət qaydası isə qanunla müəyyən edilir. Təhlükəsizlik Şurası katibi vəzifəsi də Konstitusiyada deyil, müvafiq qanunda nəzərdə tutulub.
Bu baxımdan, Ədliyyə nazirinin mətbuat katibi Mariam Melkumyanın yeni Konstitusiya layihəsində katib vəzifəsinin nəzərdə tutulmadığı barədə açıqlaması həmin postun avtomatik ləğvi anlamına gəlmir. Bu, sadəcə, hazırkı hüquqi vəziyyətin yeni layihədə də saxlanılması kimi qiymətləndirilməlidir. Yeni Konstitusiyanın referendumda qəbul olunması Alen Simonyanın Təhlükəsizlik Şurası katibi vəzifəsini avtomatik itirməsi ilə nəticələnməyəcək. Postun ləğvi yalnız müvafiq qanunvericiliyə dəyişiklik edildiyi halda mümkün ola bilər.
Sabiq deputat vurğulayıb ki, Təhlükəsizlik Şurası katibi vəzifəsinin Konstitusiyada deyil, qanunda və ya dövlət başçısının fərmanında nəzərdə tutulması onun hüquqi əhəmiyyətini azaltmır. Vəzifənin real siyasi çəkisi və dövlət siyasətinə təsiri isə daha çox onu tutan şəxsin kimliyindən asılıdır.
Qulamhüseyn Əlibəyli məsələyə ikinci aspektdən yanaşaraq, Ədliyyə nazirliyinin açıqlamasının Simonyana ünvanlanan siyasi mesaj kimi də qiymətləndirilə biləcəyini bildirib.
Xatırladaq ki, Alen Simonyan 2021-ci ildən Ermənistan parlamentinin spikeri olub. Son parlament seçkilərindən sonra erməni mediasının məlumatına görə, onun spiker postuna namizədliyi öz partiyasının – “Vətəndaş müqaviləsi”nin rəhbərliyi tərəfindən dəstəklənməyib. Təxminən üç ay əvvəl isə Baş nazir Nikol Paşinyan onu Təhlükəsizlik Şurasının katibi təyin edib, 2018-ci ildən bu postda olan Armen Qriqoryanı vəzifədən azad edib.
Qriqoryan həmin müddətdə, Azərbaycanla sülh prosesi də daxil olmaqla, Ermənistanın təhlükəsizlik gündəliyinin əsas iştirakçılarından biri olub. Simonyan isə siyasi çəkisi olan vəzifəyə gəlsə də, postun əvvəlki məzmunu və təsir imkanları ilə bağlı fərqli vəziyyətlə üzləşə bilər.
Başqa sözlə, Təhlükəsizlik Şurası katibi vəzifəsi Simonyan üçün hakimiyyət pilləsində yüksəliş deyil, müəyyən mənada siyasi təsir imkanlarının məhdudlaşdırılması kimi də qiymətləndirilə bilər. Bunu şərti olaraq “fəxri sürgün” adlandırmaq mümkündür. Belə yanaşma nüfuzlu siyasətçini siyasi səhnədən tam çıxarmadan real gücdən uzaqlaşdırmaq, onun təsir imkanlarını azaltmaqla xarakterizə olunur.
Postsovet məkanında bu cür təcrübələrə rast gəlinir: yüksək rütbəli, lakin real idarəetmə rıçaqlarından məhrum vəzifə siyasətçini həm siyasi baxımdan kənarlaşdırmaq, həm də ona loyallığını nümayiş etdirmək üçün yeni imkan vermək anlamına gələ bilər.
Bu baxımdan, Ədliyyə nazirinin mətbuat katibinin açıqlaması Simonyanın gələcəkdə bu postdan da uzaqlaşdırıla biləcəyinə işarə kimi yozula bilər. Bu, Paşinyanın hakimiyyət idarəçiliyinin məntiqinə uyğun ehtimaldır.
Qeyd edək ki, katib istisna olmaqla, Ermənistan Təhlükəsizlik Şurası hökumət üzvlərindən və Baş nazirə tabe olan güc strukturlarının rəhbərlərindən ibarətdir. Bu baxımdan Şura təşkilati cəhətdən Baş nazirdən birbaşa asılıdır. Katib isə nəzəri olaraq, bu strukturda müəyyən müstəqil siyasi çəkiyə malik ola biləcək yeganə fiqurdur.
Əlibəylinin fikrincə, Paşinyan tədricən hakimiyyət səlahiyyətlərini mərkəzləşdirərək öz əlində cəmləyir. O, artıq sülh prosesini, TRIPP layihəsini və konstitusiya islahatlarını şəxsən idarə edir. Belə bir mərhələdə təhlükəsizlik siyasətinin Simonyan kimi öz siyasi ambisiyaları olan bir siyasətçi vasitəsilə əlaqələndirilməsi Baş nazir üçün nəzarəti asanlaşdırmır, əksinə, əlavə idarəetmə halqası yaradır.
Bu səbəbdən Simonyanın birbaşa Paşinyandan asılı olan, siyasi iddiaları və hakimiyyət strukturlarında təsir imkanları daha zəif bürokratla əvəzlənməsi ehtimalı gündəmə gələ bilər.
Əslində, bu yanaşma italyan mütəfəkkiri Nikkolo Makiavellinin hakimiyyətin idarə olunması ilə bağlı fikirlərinin məntiqinə uyğundur. Makiavelli “Hökmdar” əsərində başqasının güclənməsinə yol açan hökmdarın sonda öz hakimiyyətini zəiflədə biləcəyi barədə xəbərdarlıq edirdi. Paşinyanın komanda siyasəti də bu prinsipə əsaslanır: ətrafında heç kimin müstəqil güc mərkəzinə çevrilməsinə imkan verməmək.
Bununla yanaşı, yeni Konstitusiyanın qəbulundan sonra qanunvericiliyə dəyişiklik edilməsi, Təhlükəsizlik Şurası katibi vəzifəsinin ləğvi, təhlükəsizlik məsələlərinin gündəlik əlaqələndirilməsi və katibin digər funksiyalarının birbaşa Baş nazirin aparatına verilməsi də mümkün variantlardan biri kimi nəzərdən keçirilə bilər.
Bu funksiyaların səlahiyyəti və məsuliyyəti aydın müəyyən edilmiş vahid aparata həvalə olunması hökumət daxilində təhlükəsizlik məsələləri üzrə razılaşdırmanı sürətləndirə, Şuranın işinin təşkilini və fəaliyyət qaydasını təkmilləşdirə bilər. Lakin bu variantın digər tərəfi də var: təhlükəsizlik siyasəti üzərində nəzarət daha da bir şəxsin əlində cəmləşər və institusional balans zəifləyər.
Q.Əlibəyli hesab edir ki, Simonyanın şəxsi söhbətlərində 2028-ci ildə İrəvan meri seçkilərinə qatılmaq niyyətindən danışması onun gələcəkdə mərkəzi hakimiyyətdə özünə yer görmədiyinin ifadəsi kimi qiymətləndirilə bilər. Bu səbəbdən o, növbəti siyasi postunu paytaxt bələdiyyəsində görür.
Ermənistan siyasətində İrəvan meriyası heç vaxt sıradan vəzifə hesab olunmayıb. Paytaxt ölkə əhalisinin təxminən üçdə birini əhatə edir və bələdiyyə seçkiləri faktiki olaraq hakimiyyətə ictimai etimadın yoxlanıldığı mini-parlament seçkisi xarakteri daşıyır.
Bununla belə, Simonyanın bu siyasi yola öz partiyasının dəstəyi ilə, yoxsa müstəqil layihə ilə çıxacağı hələ açıq sual olaraq qalır. Hər iki halda onun planları Paşinyan komandası daxilində mümkün siyasi gərginliyin göstəricisi kimi də dəyərləndirilə bilər.
Beləliklə, Ədliyyə Nazirliyinin açıqlaması hüquqi baxımdan yenilik hesab olunmur. Təhlükəsizlik Şurası katibi vəzifəsi indiki Konstitusiyada da nəzərdə tutulmayıb və onun taleyi Konstitusiya ilə deyil, qanunvericiliklə həll olunur. Siyasi baxımdan isə bu açıqlama Simonyanın hakimiyyət iyerarxiyasındakı mövqeyinin nə qədər kövrək olduğunu bir daha gündəmə gətirir.
Azərbaycan üçün əsas məsələ Təhlükəsizlik Şurası katibi vəzifəsinin Konstitusiyada nəzərdə tutulub-tutulmaması və ya Simonyanın siyasi taleyi deyil. Diqqət regional sülh prosesinə, yeni Konstitusiyanın preambulasına, ərazi iddialarına dair müddəalara və referendumun nəticəsinə yönəlməlidir.
Yeni Konstitusiyanın sülh prosesinə xidmət edib-etməyəcəyi isə onun mətni ictimaiyyətə tam təqdim olunduqdan sonra bəlli olacaq.
Mələk Onur
1 mənbə
