Telefonunuz yavaşlayıbsa, dəyişməyə tələsməyin: Sürətini artırmağın 6 yolu


Telefonun yavaş işləməsi hər zaman cihazın köhnəlməsi və dəyişdirilməsinin vacibliyi demək deyil. Bir neçə sadə üsulla Android smartfonlarının sürətini artırmaq mümkündür.
Sfera.az xəbər verir ki, bu barədə Almaniyanın “Computer Bild” nəşri yazıb.
Məqalədə smartfonun işini sürətləndirmək üçün bir neçə üsul tövsiyə olunur. İlk növbədə tətbiqlərin keş yaddaşını təmizləmək məsləhət görülür. Çünki proqramların daha sürətli açılmasına kömək edən müvəqqəti məlumatlar zamanla cihazda xeyli yer tuta bilər.
Bundan başqa, Android əməliyyat sisteminin, tətbiqlərin və Google Play sistem komponentlərinin yenilənməsi də vacibdir. Mütəxəssis smartfonu vaxtaşırı yenidən başlatmağı və istifadə edilməyən proqramları silməyi tövsiyə edir.
Telefonun yaddaşında yer açmaq üçün köhnə yükləmələri, lazımsız foto və videoları da silmək olar.
Əgər problem ekranlar arasında keçid zamanı yaranan ləngimələrlə bağlıdırsa, tərtibatçı parametrlərindən animasiya effektlərini azaltmaq mümkündür. Bu, interfeysin daha sürətli işlədiyi təəssüratını yaratsa da, prosessorun real gücünü artırmır.
Mütəxəssis bildirir ki, bütün bu addımlardan sonra da telefon yavaş işləyirsə, səbəb batareyanın köhnəlməsi və ya cihazın texniki imkanlarının məhdudluğu ola bilər.
Qeyd edək ki, problemin həlli telefonun niyə yavaşlamasından asılıdır. Bəzi hallarda yaddaşın təmizlənməsi və proqramların yenilənməsi cihazın işini nəzərəçarpacaq dərəcədə yaxşılaşdıra bilər.
İnci
Sfera.az
1 mənbə