Paşinyan hakimiyyəti Konstitusiya dəyişikliyi üçün səs toplaya bilmir: Müxalifət siyasi sövdələşməyə qapını bağlayır


“Ermənistanın daxili siyasi meydanında Konstitusiyaya dəyişikliklərlə bağlı baş verən proseslər həlledici mərhələyə daxil olur və hakimiyyətin tələb etdiyi altı səsi əldə etmək cəhdlərinə müxalifət düşərgəsindən sərt və birmənalı cavablar verilir”.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.
Nəşr bildirir ki, hakimiyyət parlament müxalifətindən tələb olunan altı səsi əldə etmək üçün həm siyasi danışıqlardan, həm də müxtəlif təzyiq vasitələrindən istifadə ediləcəyini bəyan edib. Müxalifət dairələrinin qiymətləndirməsinə görə, bu kontekstdə hakimiyyət Samvel Karapetyana qarşı “hüquqi” repressiyalar yoluna da əl atıb.
Məqalədə qeyd olunur ki, ev dustaqlığında olan Samvel Karapetyanın həbs edilməsi və bir ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi barədə qərardan əvvəl, noyabrın 5-də İstintaq Komitəsinin əməkdaşları onun və parlamentin “Güclü Ermənistan” fraksiyasının rəhbəri Narek Karapetyanın mənzillərində axtarış aparıblar.
“Samvel Karapetyanın vəkili Armen Feroyan baş verənləri siyasi təqib kimi qiymətləndirib. Müxalifət düşərgəsində isə bu addımı onun Konstitusiya dəyişiklikləri ilə bağlı xarici təzyiqlə şərtləndirilən prosesə qarşı mübarizə aparmaq hazırlığı ilə birbaşa əlaqələndirirlər.
Lakin həbs qərarından sonra “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyan məhkəmədə jurnalistlərlə söhbəti zamanı bu məsələyə faktiki olaraq nöqtə qoyub. O, bəyan edib ki, özü nə qədər müddətə həbsdə qalmasından asılı olmayaraq, siyasi qüvvəsi Konstitusiyaya dəyişiklik edilməsinə imkan verməyəcək.
Beləliklə, parlamentdəki ən böyük müxalifət qüvvəsinin lideri hakimiyyətin tələb etdiyi səslərin verilməyəcəyini açıq şəkildə bəyan edir və hər hansı sövdələşmənin mümkün olmadığını bildirir”, - deyə nəşr yazıb.
Məqalədə vurğulanır ki, parlamentdəki digər müxalifət qüvvəsi olan “Hayastan” fraksiyası da eyni dərəcədə sərt və güzəştsiz mövqedədir.
“Baxmayaraq ki, “Hayastan” alyansının lideri, Ermənistanın ikinci prezidenti Robert Köçəryan da həbsdə olduğu üçün hazırda bu məsələ ilə bağlı açıq şəkildə çıxış etmək imkanına malik deyil, fraksiya nümayəndələri öz bəyanatlarında Konstitusiya dəyişiklikləri məsələsində hakimiyyətə hər hansı güzəştin edilməsinin mümkünsüzlüyünü açıq şəkildə vurğulayıblar.
Beləliklə, parlamentdəki hər iki müxalifət fraksiyası elə başlanğıcdan bu mövzunun müzakirəsinə qapını bağlayır və hakimiyyətə parlament manevrləri və ya pərdəarxası razılaşmalar üçün heç bir imkan saxlamır.
Yaranmış vəziyyətdə Konstitusiya dəyişiklikləri üçün zəruri səslərin təmin edilməsi qeyri-real görünür. Buna görə də hakimiyyətin gündəliyində faktiki olaraq onun özünün müzakirə etdiyi digər ssenari - növbədənkənar parlament seçkilərinə getmək məsələsi qalır”, - deyə “Past” nəşri bildirib.
Alpər Mövludoğlu Ordu.az

Report+1 mənbə