Paşinyan Avropada homoseksual kimi təqdim olunan kriminal avtoritetlərin adlarını açıqlamaqdan imtina edib


Ermənistanın baş naziri Nikol Paşinyan Avropada özünü homoseksual kimi təqdim edən kriminal avtoritetlərin adlarını çəkməyib.
Ordu.az xəbər verir ki, noyabrın 19-da keçirilən brifinqdə Ermənistanın baş nazirinə həmin şəxslərin adlarını açıqlamaq təklif olunub.
Paşinyan bu mövzunu daha əvvəl Avropa ölkələrindən birinə səfəri zamanı gündəmə gətirmişdi.
Cavabında Paşinyan xatırladıb ki, Ermənistan viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlar aparır. Onun sözlərinə görə, uzun illərdir Avropa ölkələrindən bəzi vətəndaşların azlıqlara mənsub olmaları faktından Avropa İttifaqı ölkələrinə mühacirət etmək üçün bəhanə kimi istifadə etmələri ilə bağlı şikayətlər daxil olur.
Paşinyanın fikrincə, bu cür hallar arasında həm həqiqi, həm də saxta nümunələr var.
“Onların həqiqiliyini obyektiv şəkildə yoxlamaq isə problem yaradır. Bizə deyirlər ki, problemi həll edin. Bu, azlıqların nümayəndələrinin təqibə məruz qalmamasını nəzərdə tutan qanunvericiliyin qəbul edilməsi ilə həll oluna bilər”, - deyə Paşinyan bildirib.
O, şəxsi məlumatların məxfiliyini əsas gətirərək adları açıqlamaqdan imtina edib.
Alpər Mövludoğlu Ordu.az