Papoyan: “Mənə elə gəlir ki, sabiq TŞ katibinin 2025-ci illə bağlı açıqlamasında yanlışlıq var”


Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan 2025-ci ildə Ermənistan və Azərbaycan arasında vəziyyətin kəskinləşməsi və ABŞ səfirliyinin təxliyəyə hazırlaşması ilə bağlı iddiaları xatırlamadığını bildirib.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan noyabrın 17-də parlamentdə jurnalistlərə açıqlamasında deyib.
Papoyan Ermənistanın Təhlükəsizlik Şurasının keçmiş katibi Armen Qriqoryanın 2025-ci ildə Ermənistan və Azərbaycan arasında vəziyyətin o qədər gərginləşdiyi, ABŞ-nin Ermənistandakı səfirliyinin isə təxliyə qərarı verdiyi barədə açıqlamasını şərh edib.
Qriqoryan daha əvvəl həmin dövrdə sülhdən danışılmasına baxmayaraq, belə bir vəziyyətin yarandığını bildirmişdi.
“Bu epizodu Armen Qriqoryanla dəqiqləşdirmək lazımdır, çünki mən 2025-ci ildə belə bir hadisəni xatırlamıram”, - deyə Papoyan bildirib.
Erməni nazir qeyd edib ki, ya bu barədə məlumatlı deyil, ya da həmin hadisəni xatırlamır. O, Qriqoryanın tarixdə səhvə yol vermiş ola biləcəyini də ehtimal edib.
“Düzünü desəm, ya məlumatlı deyiləm, ya xatırlamıram, ya da mənə elə gəlir ki, cənab Qriqoryan bir qədər səhv danışıb. Məsələn, 2025-ci il əvəzinə başqa bir ili nəzərdə tutmuş ola bilər. Lakin 2025-ci ildə belə bir vəziyyəti xatırlamıram.
2025-ci ilin martında belə bir məsələ gündəmə gəlməyib, həmin vaxt belə bir vəziyyət olmayıb. Ümumiyyətlə, 2025-ci il iqtisadi artımın 7,1 faiz təşkil etdiyi möhtəşəm il olub.
Hazırda isə sərhədlərdə sakitlikdir, ölkədə sülh bərqərar olub və hər kəs bir məsələyə, Ermənistan iqtisadiyyatının inkişafına diqqət yetirməlidir”, - deyə Ermənistanın iqtisadiyyat naziri bildirib.
Onun sözlərinə görə, 2025-ci ildə elə bir vəziyyətin yaranması mümkün deyildi ki, heç kəs bundan xəbər tutmasın.
“Mənə elə gəlir ki, 2025-ci illə bağlı hissəyə aydınlıq gətirilməlidir, yəqin ki, burada yanlışlıq olub”, - deyə erməni nazir əlavə edib.
Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Şurasının keçmiş katibi Armen Qriqoryan daha əvvəl “Avropa İttifaqına üzvlük illüziyası” adlı məqaləsində Ermənistanın Avropa İttifaqına üzvlüyü və Rusiya ilə münasibətlərinə toxunub.
Alpər Mövludoğlu Ordu.az