"Oyunlara hazırlaşa bilmirik"

II Liqanın 11-ci turunda “Şəki” “Marafon”a 0:5 hesabı ilə məğlub oldu.
1Sport.az-a açıqlama verən "Şəki"nin baş məşqçisi Firuddin Mövsümov məğlubiyyəti və komandadakı mövcud vəziyyəti şərh etdi:
"Qısa və konkret desək, hazırda oyunlara hazırlaşa bilmirik, məşq prosesimiz dayanıb. Bildiyiniz kimi, ev matçlarımızı Şəki stadionunda deyil, Zaqatalada keçiririk. Müəyyən maliyyə çatışmazlıqları mövcuddur və bu məsələ yaxın günlərdə öz həllini tapmalıdır. Maddi çətinliklər səbəbindən bəzi futbolçular görüşlərdə iştirak edə bilmirlər. İndiki vəziyyətdə böyükhesablı məğlubiyyətlərin qeydə alınması normaldır. Son turda "Marafon"la görüşdə də bu hal yaşandı".
Məşqçi qış fasiləsinə qədərki planlardan, liqada qalmaq hədəfindən və növbəti turda "Kür-Araz"la keçiriləcək görüşdən də danışdı:
"Əsas məqsədimiz qış fasiləsinə qədər bu çətinlikləri aradan qaldırmaq, hazırlıq prosesini bərpa etmək və daha yaxşı kollektiv formalaşdırmaqdır. Qışa qədər bu cür davam edəcəyik, lakin fasilədən sonra tam fərqli komanda quracağımıza inanıram. Növbəti turda evdə "Kür-Araz"ı qəbul edəcəyik. Rəqib gücümüzə uyğundur. Məşq etməsək də, futbolçularla daim söhbətlər aparır, onları görüşə kökləyirik. Maksimum nəticə qazanmağa çalışacağıq ki, mövsümün ikinci yarısında vəziyyəti düzəldib liqada qala bilək. Hazırda sonuncu pillədə qərarlaşsaq da, xal fərqini aradan qaldıracağımıza ümid edirəm".
1 mənbə
