Ostin Rivz ciddi zədə təhlükəsi ilə üz-üzədir


"Los Anceles Leykers"in müdafiəçisi Ostin Rivz Miluoki səfərində keçirilən oyunda sol dabanından zədə alıb. Zədənin ağırlıq dərəcəsi hələ tam dəqiqləşməsə də, idman həkimi və tibbi analitik Brayan Satterer ehtimal edir ki, ən pis halda Rivzdə daban altı fassiyanın tam qopması qeydə alına bilər.
Offsideplus.az xəbər verir ki, bu halda oyunçu ən azı 10 oyunu buraxa bilər və bərpa müddəti təxminən üç həftə çəkə bilər. Ən yaxşı halda isə sadə daban əzilməsi olarsa, Rivz minimum 4 qarşılaşmada iştirak edə bilməyəcək və bu, təxminən bir həftə yarım davam edəcək. Brayan Satterer qeyd edib ki, Ostin Rivzin zədəsi ilə bağlı əsas ehtimalı daban altı fassiyanın dartılması və ya qopmasıdır. "Los Anceles Leykers"in baş məşqçisi Cey Cey Redik isə bildirib ki, ilkin rentgen müayinəsində heç bir sınıq aşkarlanmayıb və klubda aşil vətəri zədəsinin olmadığını təsdiqləyiblər. Dəqiq diaqnoz Los Ancelesdə əlavə MRT müayinəsindən sonra məlum olacaq.
