Ortağınız payını satırsa, nə edə bilərsiniz? – Mülki Məcəllədə yeni qaydalar


Azərbaycanda şirkət ortaqları paylarını hansı şərtlərlə satacaqlarını, mühüm qərarların kimin razılığı ilə qəbul olunacağını və mübahisələri necə həll edəcəklərini əvvəlcədən yazılı şəkildə razılaşdıra bilərlər.
Bakıvaxtı.az xəbər verir ki, Mülki Məcəlləyə əlavə edilən 65-1 və 65-2-ci maddələr məhdud məsuliyyətli cəmiyyətlərin iştirakçılarına və səhmdarlara korporativ müqavilə bağlamaq imkanı verir. Tərəflər bu sənəddə ümumi yığıncaqda necə səs verəcəklərini, idarəetmə orqanlarına namizədlərin necə irəli sürüləcəyini və payların hansı şərtlərlə satılacağını müəyyən edə bilərlər. Məsələn, ortaqlar iri kredit götürülməsi və ya şirkətin əsas əmlakının satılması barədə qərara hər iki tərəfin razılıq verməsini şərt kimi müəyyən edə bilərlər.
Böyük pay sahibi şirkətdən çıxırsa, kiçik pay sahibinin seçimi nədir?
Tutaq ki, şirkətin 70 faizi bir ortağa, 30 faizi isə digərinə məxsusdur. Böyük pay sahibi öz payına alıcı tapıb. Şirkətin nizamnaməsində və ya korporativ müqavilədə birgə satış hüququ nəzərdə tutulubsa, kiçik pay sahibi də öz payını həmin alıcıya eyni qiymət və şərtlərlə sata bilər. Alıcı şirkətin bütün paylarını almaq istəyərsə, əvvəlcədən müəyyən edilmiş məcburi satış şərti digər ortağın da satışa qoşulmasını tələb etməyə imkan verə bilər.
Ortaqlar payın kənar alıcıya satılmasından əvvəl müəyyən iştirakçılara eyni şərtlərlə təklif olunmasını da razılaşdıra bilərlər. Qanunda «ilk imtina hüququ» adlandırılan bu qaydanın tətbiq dairəsinə açıq səhmdar cəmiyyətləri daxil deyil.
Korporativ müqavilə şirkətlərə hansı imkanları yaradır?
Hüquqşünas, vəkil Bəhruz Orucov bildirib ki, Mülki Məcəlləyə 65-1 və 65-2-ci maddələrin əlavə edilməsi Azərbaycanda korporativ hüququn inkişafı baxımından mühüm və müsbət addımdır.
Onun sözlərinə görə, korporativ müqavilə şirkət iştirakçılarına və səhmdarlara səsvermə, payların özgəninkiləşdirilməsi, şirkətin idarə olunması və investorların hüquqlarının müdafiəsi ilə bağlı məsələləri beynəlxalq təcrübəyə uyğun tənzimləmək imkanı verir. Xarici hüququ seçmək imkanı isə xüsusilə xarici investorlar üçün əhəmiyyətlidir.
Bəhruz Orucov vurğulayıb ki, bu institutun səmərəliliyi müqavilələrin nə dərəcədə peşəkar hazırlanmasından, şirkətin nizamnaməsinə uyğunluğundan və şərtlərinin praktikada necə tətbiq olunmasından asılı olacaq.
Korporativ müqavilədə müəyyən qərarların investorun razılığı ilə qəbul olunması və onun qoyduğu vəsaitin necə xərclənməsinə nəzarət qaydaları da müəyyən edilə bilər. Məcəllə xüsusi hüquqlu pay və ya səhm sahibləri üçün şirkət ləğv ediləndə, nəzarət zərfi və ya bütün aktivlər satılanda qoyduqları vəsaiti digər iştirakçılardan əvvəl geri almaq hüququnun nəzərdə tutulmasına imkan verir.
Korporativ müqavilə yazılı formada bağlanır və notariat təsdiqi tələb etmir. Tərəflər müqavilə bağlandıqdan sonra 15 gün ərzində şirkətə yazılı məlumat verməlidirlər. Müqavilə onu imzalayan tərəflər üçün məcburidir. Nizamnamə ilə ziddiyyət yarandıqda, qanunvericiliyin tələbləri və üçüncü şəxslərin hüquqları qorunmaq şərtilə, tərəflərin öz aralarındakı münasibətlərdə müqavilənin müddəaları üstün tutulur.
Tərəflər mübahisələrin həllinə hansı ölkənin hüququnun tətbiq ediləcəyini də əvvəlcədən razılaşdıra bilərlər. Bu imkan həm Azərbaycan rezidentlərinə, həm də qeyri-rezidentlərə şamil olunur.
1 mənbə