“Ölkədə normal təhsil sistemi olsaydı, bəlkə də bu suala Elm və Təhsil Nazirliyi real cavab verə bilərdi...”-EKSPERT


Texnoloji tətbiqdən insan- süni intellekt (Sİ) əməkdaşlığına və intellektual universitetə keçid...
“Süni intellekt universiteti idarə etməməlidir, universitet süni intellektdən istifadə etməklə daha ağıllı idarə olunmalıdır…”
*** *** *** *** ***
Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti İlham Əhmədovun Azərbaycanda elm və təhsilin problemləri barədə “Süni intellekt və gələcəyin universiteti” başlıqlı növbəti elmi analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:
Bu ərəfədə sosial şəbəkələrdə “Gələcəyin universiteti, süni intellekt dövrünün universiteti necə olmalıdır?” kimi müzakirələr gedir. Bu suala təxmini cavab vermək olar. Amma təhsilə dair hər bir sual kimi, bu sualın da dəqiq cavabı elmi araşdırma tələb edir. Bu sahədə müxtəlif proqnozlar var. Amma konkret söz demək üçün daha yaxşı düşünməli, araşdırma aparmalıyıq. Ölkədə normal təhsil sistemi, normal təhsil elmləri olsaydı, davamlı tədqiqatlar aparılsaydı, bu məsələlər başqa ölkələrdə olduğu kimi, bizdə də maliyyələşsəydi, bəlkə də bu suala ETN real cavab verə bilərdi. Bunların heç biri olmadığına görə, hələlik bu suala fərdi qaydada və ya sosial şəbəkələrdə cavab axtarırıq...
Son illər dünyanın bir çox ölkələrində "Gələcəyin təhsili" adlı beynəlxalq konfranslar keçirilir, bu kimi suallar müzakirə edilir. Son illər RF-da da "Gələcəyin təhsili" adlı beynəlxalq konfranslar keçirilir. RF Qroznıy Dövlət Neft Texnologiya Universitetində keçirilən belə bir konfransda 4 dəfə iştirak etmiş, plenar məruzələr söyləmişik...
3 il əvvəl universitetlərdə süni intellekt haqqında əsas müzakirə “ChatGPT” kimi generativ alətlərin tədrisə təsiri ətrafında olurdu. Soruşulurdu ki, Sİ universitet təhsilini necə dəyişəcək? Bu gün isə daha ciddi müzakirələr gedir: Sİ universitetin özünü necə dəyişəcək?..
Əvvəlki mərhələdə diqqət Sİ-nin mətn yaratmaq, ümumiləşdirmək, dil öyrənmək, dərs materialı hazırlamaq və tələbələrə fərdi kömək göstərmək imkanlarına yönəlmişdi. Eyni zamanda akademik dürüstlük, plagiat, yanlış informasiya, alqoritmik qərəz və insan–alqoritm münasibətlərinin sərhədləri əsas problemlər kimi müəyyənləşdirilmişdi. Bu gün isə Sİ-nin rolu daha da genişlənib. Generativ Sİ artıq yalnız “çatbot” deyil. Bu həm də öyrənmə, tədqiqat, inzibati xidmətlər, analitika və universitet idarəçiliyində qərar dəstəyi yaradan təşkilati texnologiyaya çevrilir...
Sİ universitetə nə gətirir?..
Sİ-nin universitetə təsirini üç səviyyədə təsvir etmək olar:
1. Tələbə səviyyəsi. Sİ- Tutor tələbəyə fərdi izah, tapşırıq, geribildirim və akademik dəstək verə bilər.
2. Müəllim səviyyəsi. Sİ Copilot dərs planlaşdırılması, materialların hazırlanması, qiymətləndirmə, tələbə səhvlərinin təhlili və peşəkar inkişafda müəllimin imkanlarını genişləndirə bilər.
3. Təşkilati səviyyə. Sİ qəbul proqnozlaşdırılması, tələbə risklərinin erkən aşkarlanması, HR analitikası, maliyyə planlaşdırılması, keyfiyyət təminatı, elmi fəaliyyətin təhlili və strateji qərar dəstəyi üçün istifadə oluna bilər.
Beləliklə, “Sİ Tutor + Sİ Copilot + Sİ Təşkilati səviyyə” modeli universitetin yeni Sİ arxitekturasının əsasını təşkil edir.
Əsas prinsip budur ki, Sİ müəllimi əvəz etməməlidir...
Sİ-nin sürətli inkişafı təhsildə ən mühüm sualı yenidən gündəmə gətirir: maşın insanın yerini tuta bilərmi?
İnsanmərkəzli Sİ yanaşmasının əsas ideyası xüsusi əhəmiyyət daşıyır. Texnologiya insan imkanlarını əvəz etməməli, bu imkanları genişləndirməlidir. Ədəbiyyatda çox vaxt bu yanaşma Sİ-nin universitetdə tətbiqinin əsas nəzəri-metodoloji istiqaməti kimi göstərilirdi.
Sİ informasiya verə, nümunə yarada, alternativlər hazırlaya və analitik dəstək göstərə bilər. Lakin strateji, etik və akademik məsuliyyət insanda qalmalıdır. Bu səbəbdən gələcəyin müəllimi Sİ ilə rəqabət aparan deyil, Sİ ilə əməkdaşlıq edən müəllimdir...
Sİ dövründə tələbə modeli dəyişir...
Ənənəvi universitetin əsas sualı tələbə nə bilir kimi idi, Sİ dövrünün əsas sualları daha çoxdur. Tələbə :
• düzgün sual verə bilirmi?
• Sİ-dən məqsədyönlü istifadə edə bilirmi?
• Sİ-nin cavabını yoxlaya bilirmi?
• Faktı uydurmadan ayıra bilirmi?
• Mənbəni qiymətləndirə bilirmi?
• Sİ-nin yaratdığı nəticəyə tənqidi yanaşa bilirmi?
• Son qərarı özü verə bilirmi?
Deməli, gələcəyin tələbəsi sadəcə Sİ istifadəçisi deyil, onunla məsuliyyətli əməkdaşlıq edən mütəxəssis olmalıdır. Burada əsas kompetensiyalar tənqidi və analitik düşünmə, problem həlli, yaradıcılıq, Sİ savadlılığı, informasiya yoxlaması, kommunikasiya və etik məsuliyyətdir…
Qiymətləndirmə sistemi dəyişməlidir…
Generativ Sİ ənənəvi qiymətləndirmənin zəif tərəflərini üzə çıxarıb. Tələbə Sİ vasitəsilə yüksək keyfiyyətli mətn yarada bilirsə, bu mətnin qiymətləndirilməsi onun real bilik və bacarığını göstərməyə də bilər. Buna görə qiymətləndirmə məhsuldan prosesə, düşünməyə və tətbiqə keçməlidir.
Tələbə yalnız məqalə təqdim etməməli, həm də:
• problemin necə müəyyənləşdirildiyini;
• Sİ-dən necə istifadə etdiyini;
• əldə etdiyi məlumatı necə yoxladığını;
• hansı dəyişiklikləri özü etdiyini;
• nəticəni necə əsaslandırdığını da göstərməlidir.
Məqsəd Sİ-dən istifadəni qadağan etmək deyil, Sİ ilə işləyərkən insanın düşünmə qabiliyyətini ölçməkdir.
Universitet özü də “öyrənən təşkilat”a çevrilməlidir…
Sİ-nin universitet üçün ən böyük potensialı yalnız tədrisdə deyil, həm də idarəetmədədir. Tələbə sayı, qəbul, davamiyyət, qiymətlər, LMS fəaliyyəti, müəllim yükü, elmi fəaliyyət, maliyyə, məzunların məşğulluğu və tələbə məmnunluğu kimi məlumatlar vahid analitik sistemdə birləşdirilə bilər. Bu halda idarəetmə zənciri belə formalaşır: DATA → ANALİTİKA → PROQNOZ → ALTERNATİV SSENARİ → İNSAN QƏRARI → İCRA → MONİTORİNQ → ÖYRƏNMƏ. Bu artıq rəqəmsal universitet deyil, universitetin intellektual idarəetmə modelidir. Məsələn, Sİ tələbə itkisi riskini əvvəlcədən müəyyən edə, müəllim ehtiyacını proqnozlaşdıra, auditoriyaların istifadəsini optimallaşdıra və müxtəlif büdcə ssenarilərini müqayisə edə bilər.
Rektorun rolu dəyişir…
Sİ rəhbərin yerini tutmur, onun qərarvermə imkanlarını genişləndirir. Ənənəvi idarəetmədə məlumat → hesabat → qərar modelinə əsaslanırdı. Sİ əsaslı idarəetmədə isə məlumat → analitika → proqnoz → alternativlər → insan qərarı → nəticə → geribildirim modelinə keçir. Beləliklə, rektorun rolu inzibati nəzarətçidən strateq, məlumatəsaslı qərarverici, innovasiya lideri və dəyişiklik meneceri roluna transformasiya olunur. Sİ qərar verən deyil, qərarın keyfiyyətini yüksəldən analitik tərəfdaşdır.
Gələcəyin universitetində Sİ idarəetməsi...
Sİ-nin universitetdə geniş tətbiqi yeni idarəetmə mexanizmi tələb edir. Universitet yalnız alətlər əldə etməklə kifayətlənə bilməz. Sİ siyasəti aşağıdakı məsələləri müəyyən etməlidir:
• Sİ-dən istifadə qaydaları;
• akademik dürüstlük;
• məlumatların qorunması;
• müəlliflik;
• şəffaflıq;
• alqoritmik qərəz;
• kibertəhlükəsizlik;
• insan nəzarəti;
• riskli və qadağan edilmiş tətbiqlər.
Yəni universitetdə Sİ idarəetməsı formalaşmalıdır. Belə idarəetmənin əsas məqsədi Sİ-nin istifadəsini məhdudlaşdırmaq deyil, onun təhlükəsiz, şəffaf, etik və faydalı istifadəsini təmin etməkdir.
Rəqəmsal universitetdən intellektual universitetə…
Universitetlərin inkişafını belə təsəvvür etmək olar: Ənənəvi universitet → Rəqəmsal universitet → Data əaslı universitet → Sİ ilə gücləndirilmiş universitet → İntellektual universitet.
Ənənəvi universitet əsasən məlumat ötürür və hesabat hazırlayır. Rəqəmsal universitet prosesləri rəqəmsallaşdırır. Data-əsaslı universitet məlumat əsasında idarə olunur. Sİ ilə gücləndirilmiş universitet proqnozlaşdırma və qərar dəstəyindən istifadə edir. İntellektual universitet isə öz fəaliyyətindən öyrənir, gələcəyi proqnozlaşdırır, alternativlər yaradır, insan qərarını gücləndirir və özünü davamlı təkmilləşdirir.
Süni intellekt universitetin gələcəyinə yalnız yeni texnologiya kimi daxil olmur. O, tədris modelini, müəllimin rolunu, tələbə səriştələrini, qiymətləndirməni, elmi tədqiqatı və universitet idarəetməsini dəyişdirən sistemli bir gücə çevrilir.
Lakin gələcəyin universitetini Sİ özü qurmayacaq. Onu Sİ-dən düzgün istifadə edən insanlar quracaq. Ona görə də universitetlərin qarşısında duran əsas məsələ “Sİ-ni tətbiq etmək” deyil, “Sİ ilə yeni universitet modeli yaratmaqdır”. Bu modelin formulu belədir: İNSAN + MƏLUMAT + SÜNİ İNTELLEKT + TƏNQİDİ DÜŞÜNCƏ + ETİK MƏSULİYYƏT = İNTELLEKTUAL UNİVERSİTET.
Süni intellekt universiteti idarə etməməlidir, universitet süni intellektdən istifadə etməklə daha ağıllı idarə olunmalıdır…
Müəllif:
Dosent İlham Əhmədov
