Oğul anasını paltar yuduğuna görə döydü


Lənkəran rayonunda 21 yaşlı oğlan anasına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun qəsəbələrindən birində baş verib.
2005-ci il təvəllüdlü Zaur (ad şərtidir – red.) yaşadığı fərdi yaşayış evinin ikinci mərtəbəsindəki qonaq otağında anası Firuzə (ad şərtidir – red.) ilə mübahisə edib.
İstintaq materiallarına görə, mübahisə Zaurun paltarlarının ondan icazəsiz yuyulması səbəbindən yaranıb. O, əsəbiləşərək anasının sağ ayağına döşəmə taxtası ilə bir dəfə güclü zərbə endirib və ona xəsarət yetirib.
Zaur barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə (qəsdən sağlamlığa zərər vurma) ittiham irəli sürülüb.
Məhkəmədə ifadə verən Zaur ittiham üzrə özünü təqsirli bilib. O, hadisədən peşman olduğunu, anası ilə barışdığını, dəymiş ziyanı ödədiyini və anasının ona qarşı şikayət və tələbinin olmadığını bildirib.
Zərərçəkmiş Firuzə də ifadəsində hadisəni təsdiqləyib. O, oğlu ilə münasibətlərinin yaxşı olmadığını və əvvəllər də aralarında ailə-məişət zəminində münaqişələr baş verdiyini deyib. Firuzənin sözlərinə görə, hadisə zamanı oğlu paltarlarını yumasına irad bildirib, daha sonra döşəmə taxtası ilə onun sağ ayağına bir dəfə zərbə endirib.
Lənkəran Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci, Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən Zaur cinayət məsuliyyətindən azad edilib və barəsindəki cinayət təqibinə xitam verilib.
Fariz Məlikli
