“Nvidia” qalmaqalı böyüyür: Casusluq və çip qaçaqmalçılığı


ABŞ-nin texnologiya nəhəngi “Nvidia” ətrafında Çin casusluğu və qabaqcıl süni intellekt çiplərinin qanunsuz ötürülməsi ilə bağlı iddialar Konqresin araşdırmasına səbəb olub. Şirkətin keçmiş baş direktoru Censen Huanqın casusluqda şübhəli bilinən Elis Huanqla əlaqələri və ABŞ-nin ixrac məhdudiyyətlərinin mümkün pozulması araşdırılır.
AzVision.az xarici mediaya istinadən xəbər verir ki, qalmaqalın mərkəzində Cənub-Şərqi Asiyada “Nvidia” çiplərinin ən böyük alıcısı olan Sinqapurun “Megaspeed” şirkəti dayanır. Şirkətin Malayziya, İndoneziya və Tailanddakı məlumat mərkəzləri vasitəsilə Çin müəssisələrinə ABŞ-nin ixrac məhdudiyyətlərinə məruz qalan qabaqcıl çiplərdən dolayı istifadə imkanı yaratdığı ehtimal edilir.
Çinin xeyrinə casusluq etməkdə şübhəli bilinən Elis Huanqın “Megaspeed”də rəhbər vəzifə tutduğu məlum olub. Şirkət onun 2025-ci ilin avqustunda vəzifəsindən ayrıldığını açıqlayıb.
“Nvidia”nın həmtəsisçisi Censen Huanq isə Elis Huanq və şirkətin əməkdaşlarından biri ilə nikahdankənar münasibətlərinin olduğu barədə iddiaların ortaya çıxmasından sonra baş direktor vəzifəsindən istefa verib.
“Megaspeed” barəsində yayılan məlumatların bir qisminin təsdiqlənə bilən sübutlara əsaslanmadığını bildirib. Şirkət fəaliyyətinin qanunvericiliyə uyğun olduğunu bəyan edərək müstəqil hüquq məsləhətçilərinin iştirakı ilə daxili araşdırmaya başladığını açıqlayıb.
ABŞ Konqresinin Nümayəndələr Palatasının Çin üzrə xüsusi komitəsinin sədri Con Mulenar bildirib ki, Censen Huanq Konqresin üç komitəsində ifadə verməyə razılaşıb. Qapalı keçiriləcəyi gözlənilən dinləmələrdə məxfi məlumatlara mümkün çıxış, casusluqda şübhəli bilinən şəxsin “Nvidia”nın qərarlarına təsiri və ABŞ-nin süni intellekt sahəsində ixrac siyasətinə mümkün müdaxilə araşdırılacaq.
Mulenarın sözlərinə görə, Huanq ifadə verməyə razılaşmasaydı, onun məcburi qaydada Konqresə çağırılması nəzərdə tutulurdu.
Qalmaqal ABŞ administrasiyası daxilində də fikir ayrılıqlarına səbəb olub. Maliyyə naziri Skott Bessent qabaqcıl çiplərin ixracına nəzarətdə yol verilən mümkün nöqsanlara görə ticarət naziri Hovard Latnikin rəhbərlik etdiyi qurumu tənqid edib.
Bessent bildirib ki, bir neçə dövlət qurumu aylardır “Megaspeed”in ABŞ-nin ticarət məhdudiyyətləri tətbiq edilən şirkətlər siyahısına daxil edilməsini dəstəkləyib. Lakin bu barədə qərar qəbul etmək səlahiyyəti Ticarət Nazirliyinə məxsus olub.
Latnikin gələn ay Senatın Bank Komitəsində ifadə verməsi gözlənilir. Konqresin digər komitələri isə “Nvidia” və Censen Huanqla bağlı bütün sənədlərin qorunub saxlanılmasını tələb ediblər.
Bu arada, İlon Mask da daxil olmaqla, bir qrup texnologiya şirkəti rəhbərinin Censen Huanqın “Nvidia”nın baş direktoru vəzifəsinə qaytarılmasına dəstək toplamağa çalışdığı bildirilir. “Financial Times”ın Huanqın şirkətə qayıtmaq imkanlarını müzakirə etdiyinə dair məlumatına onun nümayəndəsi şərh verməyib.
Çin hökuməti Elis Huanqın casus olması barədə iddiaları rədd edib. Pekin Vaşinqtonu qalmaqaldan süni intellekt texnologiyalarına əlavə məhdudiyyətlər tətbiq etmək üçün bəhanə kimi istifadə etməməyə çağırıb.
“Megaspeed” isə ABŞ-nin ixrac nəzarəti tələblərinə və fəaliyyət göstərdiyi ölkələrin qanunvericiliyinə əməl etdiyini vurğulayıb.
Röya Əliyeva
