Norveç 2 milyard avro dəyərində hava hücumundan müdafiə raketləri alacaq


Norveç hökuməti aviabazaları və kritik infrastrukturu hava təhdidlərindən qorumaq məqsədilə təxminən 22 milyard Norveç kronu (2 milyard avrodan çox) dəyərində hava hücumundan müdafiə (HHM) raketləri almağı planlaşdırır.
Ordu.az xəbər verir ki, bu barədə hökumətin saytındakı məlumatda bildirilib.
Bu, kral VIII Hakonun iştirakı ilə hökumətin bugünkü iclasında təsdiq edilən Norveçin müdafiə büdcəsində öz əksini tapıb. Sənədi Norveçin müdafiə naziri Ture O. Sandvik təqdim edib.
"Ukraynanın təcrübəsi səmərəli HHM sisteminə malik olmağın nə qədər vacib olduğunu göstərir. Buna görə də biz Silahlı Qüvvələrin ehtiyatlarını təhdidləri vurmağa qadir olan yüksək texnologiyalı hava hücumundan müdafiə raketləri ilə doldururuq. Bizə həm daha böyük ehtiyatlar, həm də müxtəlif xüsusiyyətlərə malik hava hücumundan müdafiə raketləri lazımdır", - nazir bildirib.
Yeni HHM raketləri NASAMS yerüstü buraxılış qurğularında istifadə oluna və xüsusən də zərbə və kəşfiyyat dronlarının, hərbi təyyarələrin və helikopterlərin müxtəlif məsafələrdə vurulması üçün tətbiq edilə bilər.
Yeni raketlərlə təchiz edilmiş HHM sistemləri Erlanddakı aviabazanın, Evenesdəki bazanın, mühüm infrastrukturun və müttəfiqlərin qəbulu zonalarının, həmçinin Quru Qoşunlarının havadan gələn təhdidlərdən qorunmasını təmin etməlidir.
Alınması planlaşdırılan vasitələr - qısamənzilli AIM-9X, ortamənzilli AMRAAM 120C və daha uzaqmənzilli AMRAAM "Extended Range" (ER) raketlərinin kombinasiyasıdır.
Ordu.az
Dərc vaxtına görə