Niderlandın F-35 qırıcıları Finlandiya magistralına eniş edib


Niderland Hərbi Hava Qüvvələrinə məxsus bir neçə F-35 qırıcısı “Protective Fence” təlimi çərçivəsində Finlandiyanın Kuopio şəhəri yaxınlığındakı 9 nömrəli magistral yola eniş edib.
Ordu.az xəbər verir ki, bu barədə Niderland Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, Niderlandın bir neçə F-35 qırıcısı noyabrın 20-də Finlandiyanın Kuopio şəhəri yaxınlığındakı 9 nömrəli magistral yolda eniş edib. Təyyarələrdən uçuş-enmə zolağı kimi istifadə olunan ictimai yola eniş “möhtəşəm an” kimi qiymətləndirilib. Bildirilib ki, bu, Niderland Kral Hərbi Hava Qüvvələrinin daimi aviabazalardan asılılığının azaldılmasını nümayiş etdirir.
Bu yanaşmanın əsas məqsədi öz aviabazası hücuma məruz qaldıqda belə uçuşları davam etdirməkdir. Təhdid və ya zərər səbəbindən müəyyən bir baza istifadəyə yararsız hala düşərsə, eskadrilyalar başqa ərazilərdən fəaliyyətlərini davam etdirməyi bacarmalıdırlar.
Magistral yola enişlə yanaşı, Niderland ekipajları Finlandiyada mülki hava limanlarından istifadə etməklə də təlim keçirlər.
Hərbi Hava Qüvvələri bu yanaşmanı “Agile Combat Employment” adlandırır. Nazirliyin məlumatına görə, məqsəd hərbi aviasiyanın yalnız bir daimi bazadan asılı olmadığını, çevik və səpələnmiş şəkildə fəaliyyət göstərə bildiyini nümayiş etdirməkdir.
Niderland bu imkanları yoxlamaq üçün eyni vaxtda iki təlim keçirir. Bir F-35 eskadrilyası Finlandiyada “Protective Fence” təlimində iştirak edir, digər eskadrilya isə Niderlanddakı Gilze-Rijen aviabazasından “Agile Tiger” adlı paralel təlimdə fəaliyyət göstərir.
Gilze-Rijen eskadrilyası gecə uçuşları, mühərriklər işlək vəziyyətdə yanacaqdoldurma və silahların yüklənməsi üzrə məşqlər həyata keçirir.
Finlandiya onilliklərdir magistral yollardan ehtiyat uçuş-enmə zolaqları kimi istifadə edir. Niderland tərəfi isə bu təcrübədən öyrənmək üçün ölkəyə gəlib.
322-ci eskadrilyanın komandiri, polkovnik-leytenant Paskal “Smayli” Smaal Finlandiya Hərbi Hava Qüvvələrinin xüsusi mövqeyə malik olduğunu bildirib. Onun sözlərinə görə, Finlandiyada bütün cəmiyyət ölkənin müdafiəsi ətrafında təşkil olunub.
Niderland Müdafiə Nazirliyi Finlandiyanın Niderlandda həyata keçirilməsi çətin və ya mümkün olmayan ssenarilər üzrə təlim keçmək üçün də imkanlara malik olduğunu qeyd edib.
Bu, Niderland F-35 qırıcılarının Finlandiya yollarında təlim keçməsinin ardıcıl ikinci ilidir. Niderland ilk dəfə 2025-ci ildə belə təlim keçməzdən əvvəl magistral yollara eniş üzrə son məşqini 1984-cü ildə həyata keçirmişdi.
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-35A qırıcıları isə 2024-cü ildə Finlandiyada Avropa magistralına eniş edən ilk beşinci nəsil təyyarələr olub.
Finlandiya hazırda öz F-35 parkını formalaşdırır. Ölkənin sifariş etdiyi 64 təyyarədən ilk iki F-35A sentyabr ayında təhvil verilib. Bu qırıcılar Finlandiyanın F/A-18 “Hornet” təyyarələrini əvəz edəcək.
Paskal Smaal bildirib ki, Niderland Şimali Avropadakı müttəfiqlərini də müdafiə etməyə hazır olmalıdır. Buna görə də regionda birgə təlimlərin keçirilməsi və inteqrasiyanın gücləndirilməsi böyük əhəmiyyət daşıyır.
Hər iki təlim noyabrın 27-dək davam edəcək.
Sevinc Əliyeva Ordu.az
