Niderland MN 30 min avroluq WARDEN önləyici raketlərinin hazırlanması proqramına start verməyə hazırlaşır


Niderland Müdafiə Nazirliyi və “Guardian Dynamics” şirkəti WARDEN önləyici raketlərinin hazırlanması proqramına başlamaq üçün anlaşma memorandumu imzalayıb.
Ordu.az xəbər verir ki, bu barədə “Militarnyi” nəşri məlumat yayıb.
Niderland Müdafiə Nazirliyi ümumi dəyəri 1,5 milyard avro olan və 10-dan çox şirkətlə imzalanmış müqavilələr barədə məlumat verib.
WARDEN “Guardian Dynamics” şirkətinin rəhbərliyi ilə “Demcon”, “Axient Systems B.V.”, TNO, “Aalberts”, “Aerospace Propulsion Products B.V.” və son istifadəçilərlə sıx əməkdaşlıq çərçivəsində həyata keçirilən milli raket proqramıdır. Proqramın məqsədi genişləndirilə bilən önləyici raket ailəsi yaratmaqdır.
“Avropa strateji muxtariyyətini gücləndirməlidir. Transatlantik əməkdaşlıq vacib olaraq qalır, lakin əməkdaşlıq və asılılıq eyni şey deyil. Avropanın əlavə seçimlərə ehtiyacı var”, - deyə “Guardian Dynamics” şirkətindən bildirilib.
Proqramın birinci mərhələsinin 2027-ci ilin birinci rübündə başlanması planlaşdırılır.
WARDEN vahid baza platforması üzərində qurulmuş modul önləyici raketlər ailəsidir. Sistem sürətli ehtiyatların tamamlanması, istehsalın genişləndirilməsi və uzunmüddətli istismar üçün nəzərdə tutulub.
Bir raketin təxmini qiymətinin 30-75 min avro arasında olacağı bildirilir.
Bütün versiyalarda ümumi uçuş idarəetmə sistemləri, tapşırıq kompüteri, tuşlama sistemi və ələkeçirmə məntiqi istifadə ediləcək. Modellər arasındakı əsas fərqlər mühərrik sistemi və aerodinamik quruluşla bağlı olacaq.
Tərtibatçılar sıfırdan yeni zenit-raket kompleksi yaratmadıqlarını, diqqəti sistemin əsas təsir vasitəsinə - raketin özünə yönəltdiklərini vurğulayırlar.
Raket ümumi modul arxitekturaya malik olacaq və mövcud Qərb buraxılış platformalarına inteqrasiya ediləcək.
WARDEN raket ailəsi üç versiyada hazırlanacaq. Bu versiyaların uçuş məsafəsi müvafiq olaraq 5, 10 və 20 kilometrədək olacaq.
WARDEN 3 raketinin açıqlanan xüsusiyyətləri belədir:
Uzunluğu 3 200 millimetr, yəni 3,2 metrdir.
Diametri 170 millimetrdir.
Maksimum sürəti 2 Max-a qədərdir.
Mühərriki iki mərhələli yanma sisteminə malik bərk yanacaqlı raket mühərrikidir.
Buraxılış üsulu nəqliyyat-buraxılış konteynerindən həyata keçiriləcək.
Tuşlama sistemi trayektoriyanın orta mərhələsində komanda ilə idarəetməni, son mərhələdə isə avtonom tuşlanan döyüş başlığını nəzərdə tutur.
WARDEN proqramında iştirak edən şirkətlər konsorsiumu iki paralel istiqamətdə işləyəcək. Tədqiqat və inkişaf işləri Niderlandda aparılacaq, sənayeləşmə istiqaməti isə seriyalı istehsalın genişləndirilməsini əhatə edəcək.
Daha əvvəl “Militarnyi” Ukrayna müdafiə şirkətlərinin də istehsal klasterinə qoşulacağını öyrənib.
Ukrayna şirkətləri paylanmış istehsal modeli çərçivəsində ayrı-ayrı komponentlərin və qovşaqların istehsalına cavabdeh olacaqlar. Layihədə iştirak edən Ukrayna şirkətlərinin adları hələ açıqlanmayıb.
İlk raket sınaqlarının 2027-ci ildə keçirilməsi planlaşdırılır. Sınaqlar həm Niderlandda, həm də Ukraynada aparılacaq.
WARDEN raketləri Ukraynanın hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi üçün perspektivli vasitə kimi də nəzərdən keçirilir.
Sevinc Əliyeva Ordu.az
