“New York Times” Krım körpüsünün bərpası üçün nikbin müddəti açıqlayıb


Ukraynanın hücumundan sonra Krım körpüsünün bərpası bir neçə il çəkə bilər, müharibə şəraitində isə bu proses daha da mürəkkəbləşəcək.
Ordu.az xəbər verir ki, bu barədə “The New York Times” ekspertlərin qiymətləndirmələrinə istinadən məlumat yayıb.
Çərşənbə günü Rusiya rəsmiləri işğal altındakı Krımı Rusiyanın materik hissəsi ilə birbaşa birləşdirən yeganə avtomobil keçidini bərpa etmək niyyətində olduqlarını bildiriblər. Lakin nəşrin yazdığına görə, bu dəfə dağıntıların miqyası körpünün əvvəlki hücumlar zamanı aldığı zərərdən xeyli böyükdür.
Ukraynanın hücumu nəticəsində uçan, uzunluğu təxminən 230 metr olan polad tağ əslində körpünün ən mürəkkəb konstruktiv elementi olub. Sülh dövründə onun hazırlanması və quraşdırılması təxminən iki il çəkib.
Əvvəlcə metal komponentlər Voronejdəki zavodda hazırlanıb. Daha sonra konstruksiya təxminən 11 ay ərzində Kerç boğazının sahilində qaynaq edilib. Bundan sonra isə onun quraşdırılması üçün mürəkkəb əməliyyat həyata keçirilib.
Xəlifə Universitetinin mühəndislik professoru Andreas Kappos hesab edir ki, Ukraynanın yeni zərbələri işləri dayandırmadığı və körpünün dayaqlarının ciddi zədələnmədiyi təqdirdə avtomobil hərəkətinin bərpası təxminən iki il çəkə bilər.
Körpülərin dağılması üzrə araşdırmalar aparmış mühəndis-məsləhətçi Donald Dyuzenberri isə dağıntıların təmizlənməsinin belə mürəkkəb vəzifə olacağını qeyd edib.
Onun sözlərinə görə, zədələnmiş tağ konstruksiyanın unikal elementidir və onu standart bölmələrlə sadəcə əvəz etmək mümkün deyil.
Çətinliklərə baxmayaraq, Moskvanın körpünün bərpasına əhəmiyyətli resurslar yönəldəcəyi ehtimal olunur. Tikintinin dəyəri təxminən 4 milyard dollar təşkil edib. Bundan başqa, körpü Vladimir Putin üçün xüsusi simvolik əhəmiyyət daşıyır. Rusiya prezidenti 2018-ci ildə avtomobil hissəsinin açılışında şəxsən iştirak edib.
Bununla yanaşı, keçid Krımla əlaqə, xüsusilə mülki daşımalar üçün mühüm əhəmiyyətini qoruyur. İşğal olunmuş ərazilərdən keçən alternativ quru marşrutları cəbhə xəttinə daha yaxındır və Ukraynanın zərbələri qarşısında daha həssasdır.
Körpü daha əvvəl 2022-ci ilin oktyabrında və 2023-cü ilin iyulunda da hücuma məruz qalıb. Həmin vaxt Rusiyaya birinci hücumdan sonra avtomobil hərəkətini bərpa etmək üçün təxminən dörd ay yarım, ikinci hücumdan sonra isə təxminən üç ay lazım olub.
Lakin hazırkı dağıntıların bərpa prosesini xeyli uzada biləcəyi bildirilir.
UNIAN-ın daha əvvəl yazdığına görə, Krım körpüsünə hücum zamanı Ukrayna “uçan modemlər” əsasında öz rabitə sistemindən, yəni raket və PUA-ları “Starlink” və ya “Starshield” sistemlərindən asılı olmadan uzaq məsafələrdən idarə etməyə imkan verən retranslyator PUA şəbəkəsindən istifadə edib.
Bu arada Rusiya Kerç boğazına əlavə köməkçi gəmilər, xüsusilə yedək gəmiləri, pilot gəmiləri və dibdərinləşdirən gəmilər cəlb edir. Ehtimal olunur ki, bu gəmilər qəza-bərpa işləri və gəmiçiliyin təmin edilməsi üçün göndərilib.
Uçmuş avtomobil tağının metal konstruksiyaları Kerç-Yenikale kanalına düşüb. Bu kanal Qara dənizlə Azov dənizi arasında iri tonnajlı gəmilərin hərəkəti üçün yeganə dərin su keçididir.
Sevinc Əliyeva Ordu.az
