Naxçıvanda yandırılan məşəl: Heydər Əliyev iradəsindən doğan Zəfər Günəşi


Tarix bəzən elə bir sərt sınaq nöqtəsindən keçir ki, ya dövlətlər parçalanma və siyasi xəritədən silinmə uçurumuna yuvarlanır, ya da xalqın iradəsi qaranlığın bətnindən parlaq bir gələcək doğurur. 1992-ci ilin payızında Azərbaycan müstəqilliyinə qovuşmasının sevincini yaşamağa imkan tapmamış, daxili çəkişmələr, xaos, səriştəsizlik və vətəndaş qarşıdurması təhlükəsi ilə qarşı-qarşıya qalmışdı. Ölkənin üzərindən siyasi tufanlar əsir, sabahın nə gətirəcəyi isə heç kimə məlum deyildi. Məhz o dözülməz gərginlik və ümidsizlik mühitində zamanın tərəzisindən ağır bir məsuliyyət asıldığı anda Naxçıvandan gələn bir səs bütün ölkəni silkələdi: "Yeni Azərbaycan – zərurətdir, xalqın səsi, cəmiyyətin sifarişidir."
Həmin il noyabrın 21-də sadəcə yeni bir siyasi təşkilatın deyil, qurtuluş ideologiyasının təməli qoyuldu. 550 nəfərlik mərd insan Naxçıvanda bir araya gələndə onlar təkcə partiya yaratmırdılar, onlar dağılmaqda olan bir ölkənin yenidən dirçəliş və xilas yol xəritəsini cızırdılar. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə başlanan bu siyasi yolçuluq qısa zamanda sadəcə bir partiyanın deyil, bütövlükdə müzəffər Azərbaycanın yaradılış manifestinə çevrildi. Bu gün illərin və tarixi sınaqların süzgəcindən keçərək Zəfər zirvəsinə ucalan Yeni Azərbaycan Partiyasının təsis gününü yad edərkən, biz əslində məğlubedilməz xalq-iqtidar birliyinin təməl daşlarına toxunuruq. Siyasət adətən ambisiyaların döyüş meydanıdır, lakin elə anlar olur ki, siyasət birbaşa xilas salına çevrilir. Yeni Azərbaycan Partiyasının fərqi və böyüklüyü isə onda idi ki, o, hakimiyyət üçün deyil, dövləti yaşatmaq üçün meydana çıxdı, onun təməlində xalqın fəryadı və qurtuluş instinkti dayanırdı. 1992-ci ilin o qaranlıq payızında Azərbaycanın üzərindən qara buludlar əsərkən, paytaxt kabinetlərində kürsü davası gedəndə, xalqın ümid çırağı sönmək üzrə idi. Lakin Azərbaycanın düşünən beyinləri – 91 nəfər ziyalı susmadı. Onların məhz "Səs" qəzeti vasitəsilə ünvanladıqları müraciət o dövrün qorxu və xaos sükutunu yaran ilk ildırım oldu. Bu, kağız üzərinə tökülən mürəkkəb deyil, uçurumun kənarında dayanan bir millətin öz xilaskarına uzatdığı əl, tarixə vurduğu möhür idi. Həmin çağırışa Naxçıvandan gələn cavab isə siyasi müdrikliyin zirvəsi kimi yaddaşlara həkk olundu. 1992-ci il noyabrın 21-i, təsəvvür edin: işığı, qazı kəsilmiş, dörd bir tərəfi düşmən mühasirəsində olan, soyuq və blokada içində boğulan Naxçıvan! Amma məhz o soyuq zalda, 550 nəfərin nəfəsi və Ulu Öndər Heydər Əliyevin polad iradəsi ilə bütün Azərbaycanı isidəcək bir məşəl yandırıldı. O gün Naxçıvanda toplaşanlar sadəcə bir təşkilatın nizamnaməsini qəbul etmirdilər, onlar xaosun qarşısına nizamı, parçalanmanın qarşısına bütövlüyü, ümidsizliyin qarşısına isə azərbaycançılıq məfkurəsini çıxarırdılar. Məhz bu fəlsəfə sayəsində YAP qısa zamanda təkcə siyasi arena oyunçusuna deyil, milyonların taleyini özündə birləşdirən ümumxalq hərəkatına çevrildi. Bunun arxasında isə təkrarolunmaz bir siyasi iradə Naxçıvanın o ağır, şaxtalı blokada günlərində belə sarsılmayan Heydər Əliyev şəxsiyyəti dayanırdı. Unutmaq olmaz ki, həmin dövrdə Naxçıvan özü də hər an süqut təhlükəsi ilə üz-üzə idi. Lakin dahi rəhbər həmin məşəqqətli mühitdə sadəcə muxtar respublikanı qoruyub saxlamadı, o, bütün Azərbaycan üçün gələcək dövlətçilik strategiyasının təməlini qurdu. Sovet imperiyasının qalıqlarının hələ də hökm sürdüyü, ideoloji boşluğun baş alıb getdiyi bir vaxtda Naxçıvanda üçrəngli bayrağın rəsmi qaldırılması, adından "Sovet Sosialist" sözlərinin çıxarılması və dünya azərbaycanlılarının həmrəyliyinin təməlinin qoyulması məhz o polad sarsılmaz qətiyyətin məhsulu idi. Heydər Əliyev sübut etmişdi ki, əsl lider xalqını uçurumun kənarından qaytarmaq qüdrətinə malikdir. Məhz buna görə də "91-lər"in müraciəti təsadüfi seçilməmişdi, çünki cəmiyyət yaxşı bilirdi ki, ölkəni bu xaos burulğanından yalnız bir nəfər Heydər Əliyev xilas edə bilər. Naxçıvanda təsis edilən Yeni Azərbaycan Partiyası da məhz bu xilaskarlıq missiyasının təşkilati təcəssümü, dahi rəhbərin gələcəyə hesablanmış ən böyük strateji addımı oldu. Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu siyasi strategiyanın ən böyük qələbəsi o idi ki, bu ideologiya zamanın sınağından keçən canlı bir fəlsəfəyə, konkret əməllərə və real dövlətçilik nəticələrinə çevrildi. 2003-cü ildən etibarən bu müdrik siyasi xəttin Lideri – Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası tamamilə yeni, dinamik inkişaf və qlobal miqyaslı uğurlar mərhələsinə qədəm qoydu. Dövlət başçısının həyata keçirdiyi uzaqgörən islahatlar, qətiyyətli daxili və xarici siyasət kursu YAP-ı sadəcə iqtidar partiyası deyil, xalqın gələcəyə olan inamının və böyük qayıdışa hazırlığının əsas memarına çevirdi. Azərbaycan xalqının otuz illik həsrətinə, torpaqlarımızın işgəncəli yoxluğuna son qoyan 2020-ci ilin 44 günlük Vətən müharibəsi məhz Yeni Azərbaycan Partiyasının illər boyu formalaşdırdığı milli həmrəyliyin, xalq-iqtidar polad birliyinin təntənəli zirvəsi oldu. Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə qazanılmış Zəfər təkcə hərbi qələbə deyildi; bu, milli ləyaqətin, suverenliyin və tarixi ədalətin bərpası idi. Otuz il əvvəl Naxçıvanın soyuq günlərində qalanan o tək ocaq bu gün bütün Qarabağda, Şuşada, Xankəndidə – azad edilmiş hər bir qarış müqəddəs torpağımızda əbədi günəş kimi parlayır, dünyanın siyasi xəritəsində söz sahibi olan, hədəflərinə əmin addımlarla irəliləyən müzəffər Azərbaycanın Zəfər manifestinə çevrilir. Prezident İlham Əliyevin YAP-ın VIII qurultayında bəyan etdiyi kimi, artıq tamamilə yeni reallıqlarda qalib xalq və müzəffər dövlət kimi yaşayırıq, qarşımızda duran müqəddəs vəzifə əzəli torpaqlarımızı dirçəltmək, qüdrətli dövlətimizi daha da gücləndirmək və əldə etdiyimiz tarixi Zəfəri əbədiləşdirməkdir. Çünki bu Zəfər Naxçıvandan başlayan o ulu yoldan süzülüb gələn, sabaha inamla baxan qalib xalqın və Yeni Azərbaycan Partiyasının tarixə vurduğu əbədi imzasıdır.
Ceyhun Ağazadə YAP Biləsuvar rayon təşkilatının gənc fəalı
1 mənbə