NATO qüvvələri şərq cinahında çay keçidi əməliyyatını məşq edib


Səkkiz NATO ölkəsinin hərbçiləri Litvada “Freedom Shield 26-II” təlimi çərçivəsində döyüş şəraitində çayın keçilməsi əməliyyatını həyata keçiriblər.
Ordu.az xəbər verir ki, bu barədə Litvanın Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, Litva da daxil olmaqla səkkiz NATO ölkəsinin hərbçiləri təlim çərçivəsində çay keçidi əməliyyatında iştirak ediblər.
“Güclü Şərq cinahının müdafiəsi NATO-nun birlikdə fəaliyyət göstərməyə hazır olması deməkdir”, - deyə Litvanın milli müdafiə nazirinin müavini B. Belyauskas bildirib.
Döyüş şəraitində çayın keçilməsi hərbi bölmələrin və zirehli texnikanın düşmənin müqavimətinə baxmayaraq çayın digər sahilinə keçirilməsini nəzərdə tutur. Bu əməliyyat zamanı mühəndis bölmələri qısa müddətdə körpülər qurmalı və ya bərə keçidləri təşkil etməlidir. Hərbi bölmələrin çay sahillərində cəmləşməsi isə onları düşmən hücumları qarşısında həssas vəziyyətə salır.
Təlimin bu mərhələsinin noyabrın 20-də Kaunas şəhərinin cənubunda yerləşən Neman çayı üzərində keçirilməsi planlaşdırılıb. Litvanın Müdafiə Nazirliyi çay keçidi mərhələsində iştirak edən hərbçilərin sayını açıqlamayıb və digər yeddi ölkənin adını bildirməyib.
“Freedom Shield” təlimi Litvada daimi Almaniya hərbi qüvvəsi kimi formalaşdırılan Almaniyanın 45-ci Zirehli Briqadası ətrafında təşkil olunub.
Noyabrın 17-dən 27-dək davam edən təlimin ikinci mərhələsində briqada su maneələrinin keçilməsi, ümumqoşun döyüşü, PUA-lardan istifadə və radioelektron mübarizə üzrə hazırlıq keçir.
Briqada təlimin ikinci mərhələsində təxminən 700 PUA-dan istifadə etməyi planlaşdırır. Bu, birinci mərhələ ilə müqayisədə iki dəfə çoxdur. Hərbçilər, həmçinin təlim zamanı sınaqdan keçirmək üçün “Leopard 2A7A1” tanklarına öz istehsalları olan PUA əleyhinə qoruyucu konstruksiyalar quraşdırıblar.
İyunda keçirilən birinci mərhələdə təxminən 2 900 NATO hərbçisi, o cümlədən 2 300-ə yaxın alman əsgəri iştirak edib.
Almaniya hərbçiləri Ukraynanın PUA-ları, sensorları və hərbi bölmələri vahid sistemdə birləşdirən DELTA döyüş idarəetmə sistemini də sınaqdan keçiriblər. Berlin hazırda bu sistemi öz ordusunda da sınaqdan keçirmək istəyir.
Belyauskas bildirib ki, Litvanın təlimdəki əsas vəzifəsi hərbi infrastrukturun və qəbul edən ölkə dəstəyinin gücləndirilməsidir. Buraya müttəfiq qüvvələrin ölkəyə gəlməsinə və təlim keçməsinə imkan verən yollar, poliqonlar və xidmətlər daxildir.
Sevinc Əliyeva Ordu.az