NATO Polşa üzərində Rusiya raketini vurmağa icazə verib, general atəş açılmamasının səbəbini açıqlayıb


Noyabrın 20-də Polşa üzərində Rusiya istehsalı olan X-101 qanadlı raketinin vurulmasına icazə verilsə də, əlverişsiz hava şəraiti səbəbindən İsveç pilotu hədəfi müəyyən edə bilməyib.
Ordu.az xəbər verir ki, bu barədə Polşanın “Rzeczpospolita” nəşri məlumat yayıb.
Noyabrın 20-də İsveçin “Gripen” qırıcısının pilotu Polşa üzərində Rusiya istehsalı olan X-101 qanadlı raketini vurmaq üçün icazə alıb. Lakin “son dərəcə mürəkkəb hava şəraiti” səbəbindən hədəfi müəyyən edə bilməyib. Bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığının rəhbəri, general-leytenant İreneuş Novak məlumat verib.
Novak bildirib ki, ələkeçirmə zonasındakı “son dərəcə mürəkkəb hava şəraiti” pilotun hədəfi müəyyən etməsinə mane olub. Nəticədə NATO-nun silah tətbiqinə icazə verməsinə baxmayaraq, pilot atəş açmayıb.
Məlumata görə, hərbçilər Polşanın hava məkanı üçün təhlükə yarada biləcək 11 obyekti izləyiblər. Onlardan üçü sərhədi keçib. Lakin generalın vurğuladığına görə, bu hadisələr nəticəsində heç kim ölməyib və xəsarət almayıb.
Hava məkanının qorunması üçün Lasak aviabazasından iki Polşa F-16 qırıcısı və iki İsveç “Gripen” qırıcısı havaya qaldırılıb. Əməliyyatda həmçinin “Saab 340” erkən xəbərdarlıq təyyarəsi, Niderlanda məxsus MRTT yanacaqdolduran təyyarəsi və yerüstü hava hücumundan müdafiə sistemləri iştirak edib.
Həyəcan rejimi saat 01:40-da “sarı” səviyyədə elan edilib, saat 05:49-da isə ən yüksək təhlükə səviyyəsi olan “qırmızı” rejimə keçirilib. Saat 07:00-dan sonra Rusiya bombardmançıları növbəti qanadlı raketləri buraxdıqda Kşeşin aviabazasından əlavə F-16 qırıcıları da havaya qaldırılıb. Hərbçilər obyektlərin düşdüyü yerləri axtarmaq üçün Ərazi Müdafiə Qüvvələrinin bölmələrini də göndəriblər.
Hücum iki mərhələdə həyata keçirilib. Əvvəlcə ruslar PUA-lardan, o cümlədən sürətli reaktiv PUA-lardan istifadə ediblər, daha sonra isə “Kalibr” və X-101 raketləri buraxılıb. Polşa raketlərin buraxıldığı yerləri, sayını və uçuş istiqamətlərini bilib. Ölkə həmçinin Ukraynanın “Vıraj” sistemi vasitəsilə ötürdüyü məlumatlardan istifadə edib.
“Bu hücumun arxasında kimin dayandığına gəlincə, hazırda heç bir şübhəmiz yoxdur”, - deyə general Novak bildirib.
Xatırladaq ki, noyabrın 20-də Rusiyanın Ukraynaya hücumu zamanı naməlum obyekt Polşa ərazisinə daxil olub. Polşa komandanlığı Ukraynaya qarşı kütləvi hücum fonunda hava hücumundan müdafiə vasitələrinin işə salındığını açıqlayıb. Lyublin şəhərində hava həyəcanı elan edilib və sirenlər işə salınıb. Sosial şəbəkələrdə müşahidə kameralarının raketin Polşa ərazisinə düşdüyü anı qeydə alan görüntüləri yayılıb.
Daha sonra Lyublin və Podkarpatsk voyevodalıqlarının üç yaşayış məntəqəsində qalıqların aşkarlandığı məlum olub. İki halda söhbət Rusiyanın X-101 raketlərindən, üçüncü obyekt isə ilkin məlumatlara görə, reaktiv PUA-dan gedib. Lakin Polşa ordusu və NATO müttəfiqləri bu obyektlərin heç birini vura bilməyiblər. Ölkənin müdafiə naziri Vladislav Kosinyak-Kamış hadisəni genişmiqyaslı müharibənin başlanmasından bəri Polşaya birbaşa təsir göstərən ən böyük hadisələrdən biri adlandırıb.
ABŞ prezidenti Donald Tramp isə Vladimir Putinin səhvən Polşaya “bir neçə kiçik raket” buraxdığını bildirib.
Sevinc Əliyeva Ordu.az