NATO-nun Baş katibi “Patriot” sistemlərinin ehtiyatlarının məhdud olduğunu bildirib


Mark Rutte Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemlərinə tələbatın yüksək olduğunu, lakin ABŞ və Avropadakı ehtiyatların məhdud qaldığını vurğulayıb.
Ordu.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte Brüsseldə Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.
Böyük Britaniya və Almaniyanın həmsədrliyi ilə NATO-nun Brüsseldəki qərargahında keçirilən görüşdən sonra danışan Rutte Ukraynanın dəstəyə ehtiyacı olduğunu və NATO müttəfiqlərinin bu dəstəyi təmin etdiyini qeyd edib.
O bildirib ki, görüş zamanı əlavə hava hücumundan müdafiə sistemləri, raketlər, döyüş sursatları və PUA-larla yanaşı, Ukraynanın Prioritet Ehtiyaclar Siyahısı (PURL) təşəbbüsü üçün də yüz milyonlarla dollar həcmində dəstək elan edilib.
Rutte proqramın başlanmasından bəri müttəfiqlərin PURL və ABŞ-nin xarici ölkələrə hərbi satışları çərçivəsində Ukrayna üçün 10 milyard dollardan çox vəsait ayırmağı öhdələrinə götürdüklərini bildirib. O, bu səviyyədə dəstəyin davam etdirilməsinin vacibliyi barədə ümumi razılığın olduğunu vurğulayıb.
“Sülh danışıqlarının uğurlu olması və bu müharibənin nəhayət ədalətli və davamlı sülhlə başa çatması üçün üzərimizə düşəni edirik. Lakin istənilən sülhün davamlı olması üçün Ukrayna bu gün və gələcəkdə özünü müdafiə edə bilməlidir”, - deyə Rutte bildirib.
O, Ukraynanın yalnız bu qışda deyil, sonrakı dövrdə də dəstəyə ehtiyac duyacağını vurğulayıb. Rutte daha güclü NATO daxilində daha güclü Avropa və Kanadanı nəzərdə tutan “NATO 3.0” yanaşmasının inkişaf etdirilməsini davam etdirdiklərini qeyd edib.
Baş katib Avropa və Kanadanın Ukraynaya dəstək məsələsində önə çıxdığını, müttəfiqlərin töhfələrini artırmasını müsbət qarşıladıqlarını bildirib.
Rutte bu məsələ ilə bağlı müzakirələrin noyabrın 19-da Berlində keçiriləcək Könüllülər Koalisiyasının görüşündə davam etdiriləcəyini açıqlayıb.
Ukraynanın Rusiyanın daxili ərazilərinə hücumları və ABŞ-nin hərbi yerləşdirməsi ilə bağlı araşdırma barədə suala cavab verən Rutte NATO daxilində Ukraynanın Rusiya hücumlarından müdafiə olunmaq üçün zəruri olan bütün addımları atmasının vacibliyi barədə ümumi mövqenin olduğunu bildirib.
O, Rusiyanın əsasən Ukraynanın mülki əhalisini və infrastrukturunu hədəf aldığını qeyd edib. Rutte əlavə edib ki, Ukrayna cəbhə xəttində Rusiya işğalını geri oturtmalıdır və bu istiqamətdə müəyyən mühüm uğurlar əldə edib.
Ukraynaya daha çox “Patriot” hava hücumundan müdafiə sistemi və önləyici raketlərin verilməsi ilə bağlı suala cavabında Rutte bu sistemlərə tələbatın çox yüksək, ABŞ və Avropadakı ehtiyatların isə məhdud olduğunu deyib.
O bildirib ki, həm ABŞ, həm də Avropada “Patriot” sistemlərinə sahib olan ölkələr zəruri və mümkün dəstəyi təmin etmək üçün intensiv çalışırlar.
Rutte Ukraynanın hava hücumundan müdafiəsinin yalnız PAC-2 və PAC-3 raketlərinə əsaslanmadığını vurğulayıb. Onun sözlərinə görə, turboreaktiv mühərrikli PUA-ların məhv edilməsində F-16 qırıcılarının 20 mm-lik döyüş sursatları ilə yanaşı, “Aster”, IRIS-T və digər hava hücumundan müdafiə sistemləri də mühüm rol oynayır.
“Diqqətin həddindən artıq dərəcədə “Patriot” sistemlərinə yönəldilməsi riski var. Bunlar çox vacib sistemlərdir və daha çoxunun verilməsini istərdim. Lakin ABŞ və Avropadakı mövcud ehtiyatların müəyyən həddi var”, - deyə Rutte bildirib.
O, bu səbəbdən səylərin davamlı və intensiv şəkildə aparılmasının vacibliyini qeyd edib. Rutte ABŞ, avropalılar və digər müttəfiqlərin Ukraynanın ehtiyaclarını qarşılamağa kömək etmək üçün çalışdıqlarını bildirib.
PURL çərçivəsində aylıq 1 milyard dollar dəstək hədəfinə çatılmadığı barədə suala cavab verən Rutte təşəbbüsün çox uğurlu olduğunu bildirib.
Onun sözlərinə görə, PURL vasitəsilə yalnız ABŞ-nin təmin edə bildiyi kritik hərbi texnika yüksək sürətlə Ukraynaya çatdırılır, bunun xərclərini isə Avropa ölkələri ödəyir.
Rutte aylıq ehtiyacın 500 milyon, yoxsa 1 milyard dollar olması barədə müzakirə aparmağın mümkün olduğunu, lakin ümumi məbləğin artıq təxminən 10 milyard dollara çatdığını qeyd edib.
“Bu, uğurdur. Avropalıların maliyyələşdirməni davam etdirməsi çox vacibdir və bu, həyata keçirilir”, - deyə NATO-nun Baş katibi bildirib.
O əlavə edib ki, bu dəstək Avropa İttifaqının, Avropa müttəfiqlərinin və Kanadanın Ukraynaya ikitərəfli qaydada göstərdiyi yardımlara əlavədir.
Sevinc Əliyeva Ordu.az
1 mənbə