“Müxalifət Azərbaycanla sülhə mane olur” – Ermənistan parlamentinin sədrindən ittiham


Ermənistan parlamentinin spikeri Ruben Rubinyan müxalifəti Azərbaycanla əldə olunan sülh prosesinə mane olmaqda, Qarabağ münaqişəsini yenidən gündəmə gətirməyə çalışmaqda və ölkədə yeni qarşıdurma riskini artırmaqda ittiham edib.
Azpost.info bildirir ki, R.Rubinyan bu fikirləri parlamentdə çıxışı zamanı səsləndirib.
O, müxalifətdən olan vitse-spiker Aram Vardevanyanın 2024-cü ildən bəri atışmaların olmadığını, bundan əvvəl isə Qarabağ münaqişəsi səbəbindən baş verdiyini söylədiyini xatırladıb. Rubinyanın sözlərinə görə, atışmalar 2025-ci ildən, ölüm halları isə 2024-cü ildən qeydə alınmır.
“Lakin atışmaların səbəbi ilə bağlı dedikləriniz 100 faiz doğrudur. Biz də məhz bunu deyirik”, – deyə parlament sədri bildirib.
Rubinyan qeyd edib ki, hazırda atəşkəsin qorunması və insan tələfatının olmaması Ermənistanla Azərbaycanın bir-birinin ərazi bütövlüyünü tanımasının və sülh haqqında bəyannamə imzalamasının nəticəsidir.
Onun fikrincə, “Güclü Ermənistan” blokunun fraksiya rəhbərləri Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımadıqlarını və “Artsax”ı müstəqil respublika hesab etdiklərini bəyan etməklə Qarabağ münaqişəsini yenidən alovlandırmağa çalışırlar. “Bu isə sizin haqlı olaraq qeyd etdiyiniz kimi, atışmaların yenidən başlaması və yeni qurbanların olması deməkdir”, – Rubinyan vurğulayıb.
Parlament sədri müxalifətin “xəritənin yarısını sinəmizdə daşıyırıq” fikrini də tənqid edib. O bildirib ki, belə bəyanatlar Qarabağ münaqişəsinin yenidən gündəmə gətirilməsi, atışmaların və insan tələfatının artması, eləcə də İrəvandakı hərbi panteonun – “Yerablur”un genişlənməsi ilə nəticələnə bilər.
Rubinyan Ermənistan Daşnaksütyun İnqilabi Federasiyasını da tənqid edib. Onun sözlərinə görə, partiyanın “Birləşmiş Ermənistan” proqramını təsdiqləməsi Qarabağ, Naxçıvan, Sevr və Cavaxetiya məsələləri üzrə münaqişələrin yenidən açılması anlamına gəlir. “Bu, Müstəqillik Bəyannaməsini xarici gündəmlə əlaqələndirməyiniz deməkdir. Konstitusiyanın dəyişdirilməsi ilə bağlı referendumun keçirilməsinə niyə qarşı olduğunuz da aydındır. Müxalifət qurbanların sayının artması üçün əlindən gələni edir.
Müxalifət sülhün qarşısında dayanan son maneədir. Onlar münaqişəni yenidən canlandırmaq, ‘Yerablur’un miqyasını genişləndirmək və Ermənistanı İttifaq dövlətinin tərkibinə daxil etmək üçün hər şeyi edirlər”, – deyə Ruben Rubinyan bildirib.
AzPost.az
Post navigation
1 mənbə
