Müdafiə Nazirliyi ayaqqabı kremi alır — 810 min AZN-ə (FOTO)


Azərbaycan Respublikası Müdafiə Nazirliyi şəxsi heyətin təminatı üçün irihəcmli ayaqqabı kreminin satın alınması ilə bağlı tender elan edib.
32gun.az-ın verdiyi məlumata görə, nazirlik tərəfindən ümumilikdə 100.000 kiloqram (100 ton) tünd qəhvəyi rəngli ayaqqabı kreminin alınması nəzərdə tutulur. Satınalmanın ehtimal olunan qiyməti 810.000,00 AZN (810 min manat) müəyyən edilib ki, bu da məhsulun bir kiloqramının orta hesabla 8,10 AZN-ə başa gələcəyini göstərir.
Satınalma şərtlərinə əsasən, təbii dəri ayaqqabıların qorunması və parladılması üçün nəzərdə tutulan kremin tərkibində mütləq 20–40% həcmində təbii arı mumu və ya karnauba mumu, həmçinin bitki və ya heyvan mənşəli yağlar olmalıdır. Məhsulun quruma müddəti 15 dəqiqədən çox olmamalı, 5°C aşağı və 38°C yuxarı temperaturda keyfiyyətini itirməməli, saxlanma müddəti isə ən azı 12 ay təşkil etməlidir.
Tender tələblərinə görə, ayaqqabı kremləri 50 və ya 100 qramlıq plastik və ya metal qablara doldurularaq 5 kiloqramlıq karton qutularda qablaşdırılmalıdır. Bundan əlavə, hər bir qabın üzərində istehsalçı və məhsul göstəriciləri ilə yanaşı, xüsusi olaraq “Müdafiə Nazirliyi üçün hazırlanmışdır, satışı qadağandır” yazısının qeyd edilməsi məcburi şərt kimi qoyulub.
Ayaz
Dərc vaxtına görə
