Moskva Ermənistanı yeni seçim qarşısında qoyur: Paşinyanın Rusiya ilə gərginləşən münasibətləri AİB-də də böhran yarada bilər


“Moskvada Nikol Paşinyana münasibətdə mövqe əvvəlkindən daha sərt xarakter alıb və məlumatlara görə, Ermənistanı Avrasiya İqtisadi Birliyində də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının taleyi gözləyə bilər”.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşrin məlumatına görə, Moskvada Ermənistanın baş naziri Nikol Paşinyana münasibətdə mövqe xeyli sərtləşib. Paşinyan dekabr ayında Avrasiya İqtisadi Birliyinin tədbirlərində iştirak etmək üçün üç dəfə Moskvaya səfər edəcək.
“Bu səfərlər baş nazir və prezident formatlarında keçiriləcək tədbirləri, eləcə də Rusiya rəhbərliyi ilə ikitərəfli müzakirələri əhatə edəcək. Paşinyan münasibətlərdə dostluq atmosferini qoruyub saxlamağın mümkün olacağına ümid etdiyini bildirsə də, əldə etdiyimiz məlumatlara görə, Avrasiya İqtisadi Birliyində də Ermənistanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının taleyi gözləyir. Noyabrın 11-də KTMT Ermənistanı səsvermə hüququndan məhrum edib, böyük ehtimalla, dekabrın 22-də isə ölkənin Avrasiya İqtisadi Birliyinə üzvlüyü dondurulacaq”, - deyə nəşr yazıb.
Məqalədə xatırladılıb ki, Belarus, Qazaxıstan və Qırğızıstan liderləri mayın 29-da Ermənistana birgə müraciət edərək, Avropa İttifaqı və Avrasiya İqtisadi Birliyi arasında seçimlə bağlı mümkün qədər qısa müddətdə referendum keçirilməsini istəyiblər.
“Üç üzv ölkənin, yəni Belarusun, Qazaxıstanın və Qırğızıstanın rəhbərləri mayın 29-da Ermənistana müraciət edərək, Avropa İttifaqı və ya Avrasiya İqtisadi Birliyi məsələsi ilə bağlı mümkün qədər qısa müddətdə referendum keçirilməsinə çağırıblar. Paşinyan isə cavabında həmin vaxt referendumun keçirilməsi üçün əsasların olmadığını bildirib”, - deyə “Hraparak” qeyd edib.
Nəşrin yazdığına görə, Ermənistanın Avrasiya İqtisadi Birliyində üzvlüyünün dondurulması məhz Paşinyanın bu açıqlamasının nəticəsi ola bilər.
Alpər Mövludoğlu Ordu.az

Yeni Şirvanlı+2 mənbə