“Mingəçevirdəki teatr direktoru otağımı səhnə etmişdim, 3 ildə 30 dəfə o kresloda oturmadım”-FOTO+ÖZƏL


“Ötən teatr mövsümündə biz qələbəmizin 5 illiyinə həsr olunan “Addım-addım Vətəndə” layihəsini həyata keçirdik. Bu layihənin iş prinsipi bundan ibarət idi ki, bölgələrdə olan teatrlarla birlikdə bir araya gəlib, “açıq qapı” günləri keçirək. Eyni zamanda isə biz həm də bunu nəzərdə tuturduq ki, paytaxtdan gedən teatrla bölgədə olan teatrın bir araya gəlməsini təmin edək. Tamaşaçı bu iki teatrın birgə işinə baxırdı. Kifayət qədər gözəl layihə baş tutdu və biz finalı Xankəndində “Bayraq” tamaşası ilə başa vurduq”
Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist, Bakı Uşaq və Gənclər Teatrının direktoru İntiqam Soltan deyib. O daha sonra əlavə edib:
“Bu il isə biz teatr olmayan bölgələrdə bu layihəni təqdim etmək istəyirik. Ona görə də layihəmizə “Addım-addım Vətəndə-2” adını vermişik. Sizi inandırım ki, elə bölgələrimiz var ki, ora illərdir teatrlar qastrol səfərinə getmir, tamaşaçılar teatrlardan xəbərsizdir. Bizim layihəmizin məqsədi də məhz həmin tamaşaçıları teatrla qovuşdurmaqdır. Bu münasibətlə biz nazirliyə müraciət etdik və təşəkkür edirəm ki, onlar da yerində bu məsələyə münasibət bildirdilər. Biz yerli Regional Mədəniyyət İdarələri ilə birlikdə bu layihəmizi həyata keçiririk. Artıq ilk səfərimiz Sabirabada baş tutdu. Mil, Muğan Regional Mədəniyyət İdarəsinə təşəkkür edirik ki, bizimlə birgə bu tədbiri təşkil etdi. Təsəvvür etməzsiz, tamaşaçılar, ələxsus da uşaqlar necə sevincli idilər. Teatrı olmayan bölgələrə bu mövsüm ərzində ayda bir dəfə səfər edəcəyik” deyə sənətkar bildirib.
İntiqam Soltan onu bu layihələri etməyə sövq edən səbəblərdən də danışıb:
“İnsanlar uşaqlıq arzularını həyata keçirmək üçün böyüyürlər. Uşaqlıq arzuları bitən kimi insanlar hiss edirlər ki, artıq yaşamağın bir mənası yoxdur. Mənim də uşaq olanda o qədər arzularım var idi ki.. Əvvəla çox istəyirəm ki, ölkəmin bütün vətəndaşları xoşbəxt olsun.. Ələxsus da uşaqlar.. İnsan xoşbəxt yaşamaq üçün doğulub. Gücüm nəyə çatırsa istəyirəm ki, onu edim. Hər kəs sahəsində öz işi ilə peşəkar məşğul olsa heç bir gərəksiz şeylərə lüzum olmaz. Azərbaycanı çox sevirəm. Mən həmişə deyirəm ki, öz avtomobilimi ona görə sevinirəm ki, ön və arxa tərəfdə nömrəmin üstündə Azərbaycanın bayrağı var. Bu anlamda gücüm nəyə çatırsa hər şey edəcəm. Mənə dəbdəbəli bir bina və ev versələr belə mən ora ancaq hansısa gərəkli işlərə imza atmaq üçün gedərəm. 3 il mən Mingəçevir Dövlət Dram Teatrında direktor oldum. Mən öz kabinetimi mini zal, səhnə etmişdim, orada tamaşa oynayırdılar. O otaq mənim deyildi.. Əgər teatr direktorunun otağında tamaşaçı zalının səhnəsi yoxdursa, o məmurlaşacaq, səhnəni unudacaq. Mənə orada verilən kresloda bu 3 ildə 30 dəfə oturmadım. Bu layihələri etməkdə də məqsədimiz sırf teatrın inkişafına, tamaşaçıların məmnuniyyətinə yönəlib. Başıma o qədər iş açıram ki, sonra onun altından çıxa bilmirəm (gülür). Çox məsuliyyətlidir. 20 nəfər heyətlə qastrol səfərinə gedib gəlirik. Özü də dövlətdən bir qəpik də bunlar üçün maddi yardım almamışam. Uşaqlar gecələrini gündüzlərinə qatırlar.. Bu məsələnin maliyyə, iqtisadi, təhlükəsizlik və fədakarlıq tərəflərindən ümumiyyətlə danışmıram. Bir məsələnin ki, əsas fonunda sevgi dayanır.. Bu zaman insanı Allah qoruyur, sevgi də səni irəli aparır” deyə sənətkar bildirib.
