“Məqsədimiz ilk “beşliyə” düşməkdir” – Röyal Nəcəfov


Azərbaycan I Liqasının VIII turu çərçivəsində doğma meydanda “Karvan-Yevlax”a məğlub olan (0:2) “Xankəndi”nin baş məşqçisi Röyal Nəcəfov matçdan sonra təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis ilk növbədə görüş haqqında fikirlərini bölüşdü:
– Matça kifayət qədər yaxşı hazırlaşmışdıq. Rəqibimiz güclü komandadır və bizi ağır oyun gözlədiyini bilirdik. Qarşılaşmaya pis başlamadıq, lakin oyunun gedişatı göstərirdi ki, fərdi səhvə yol verən tərəf uduzacaq. Təəssüf ki, həmin səhvi biz etdik. Buna baxmayaraq, futbolçularımdan razıyam, meydanda yaxşı mübarizə apardılar. “Karvan-Yevlax” Premyer Liqadan enmiş, uzun müddətdir bir yerdə çıxış edən oturuşmuş kollektivdir. Bizim komandada isə 60-70-ci dəqiqələrdən sonra fiziki yorğunluq özünü göstərir. Yorulan futbolçunu görürük, sadəcə onu əvəzləyə biləcək eyni səviyyəli oyunçumuz yoxdur. Ehtiyat oyunçular skamyamız yetərincə geniş deyil. Meydança yeni olduğundan oyuna ciddi təsir göstərir. Qazon hələ tam yatmayıb, bu səbəbdən də futbolçularda əlavə yüklənmələr yaranır. Sürətli şəkildə uğur əldə yaxşıdır, lakin bunun bəzən ziyanı da ola bilər. I Liqada debüt mövsümümüzdür və əsas məqsədimiz liqada yerimizi qorumaq, ilk “beşliyə” düşməkdir. Gələn mövsüm isə çempionluq uğrunda mübarizə aparacağıq. Planımızda burada tam oturuşmaq da var, rəhbərlik bu istiqamətdə işlər aparır. Bundan sonra daha yüksək hədəflər uğrunda yarışacağıq.
– Oyundan sonra azarkeşlər sizi çağırdı…
– Azarkeşlərin yanına getmək məşqçinin işi deyil. Onlar matçdan sonra komandanı səsləyir və futbolçuları alqışlayırlar. Göstərdikləri dəstəyə görə azarkeşlərimizə də öz təşəkkürümü bildirirəm.
Ayxan Zayıdzadə