"Məqsəd işəgötürənləri cərimələmək deyil, pozuntuların qarşısını almaqdır"


Əmək qanunvericiliyində aparılan islahatlar işəgötürənlərlə işçilər arasında münasibətlərin daha şəffaf və dayanıqlı qurulmasına xidmət edir. Bu istiqamətdə biznes subyektlərinə metodiki dəstəyin göstərilməsi, mümkün qanun pozuntularının əvvəlcədən müəyyənləşdirilməsi və əmək münasibətlərinin sağlam əsaslarla formalaşdırılması əsas məqsədlərdəndir.
SİA xəbər verir ki, bunu Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Dövlət-Biznes Əməkdaşlığı Forumunda çıxışı zamanı deyib.
Nazir bildirib ki, biznesə metodiki dəstək göstərilməsi bir çox qanun pozuntularının və yarana biləcək problemlərin qarşısının alınmasına kömək edir. Əsas məqsəd işəgötürənləri cərimələmək və ya məsuliyyətə cəlb etmək deyil, riskləri əvvəlcədən müəyyənləşdirməyə və vaxtında aradan qaldırmağa dəstək verməkdir.
Onun sözlərinə görə, son illərdə əmək qanunvericiliyinin pozulmasına görə inzibati cərimələrin məbləği azaldılıb, bəzi hallarda isə cərimələr tamamilə ləğv edilib. İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsi üzrə müəyyən edilmiş cərimələrin bir qismi aşağı salınıb, o cümlədən 192.6-cı maddə üzrə cərimənin yuxarı həddi endirilib. Bu dəyişikliklər işəgötürənlərə pozuntuları aradan qaldırdıqları halda inzibati məsuliyyətdən azad olunmaq imkanı yaradır.
Anar Əliyev qeyd edib ki, əmək və əhalinin sosial müdafiəsi nazirliyinin rəhbərliyi ilə işəgötürənlərlə intensiv görüşlər keçirilir, birgə layihələr icra olunur və qanun pozuntularının qarşısının alınmasına yönəlmiş təşəbbüslər hazırlanır. Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları da işəgötürənlərə qanunvericiliyin tətbiqi və elektron sistemlərdən istifadə ilə bağlı mütəmadi metodiki dəstək göstərirlər.