Məktəblərlə bağlı birgə məlumat: Tamamilə dayandırıldı


Expressxeberler.az xəbər verir ki, Azərbaycanda təhsil müəssisələrinin istilik təminatında odun yanacağından istifadə tamamilə dayandırılıb.
Bu barədə Meşələrin İnkişafı Xidməti və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə məlumatında bildirilib.
Qeyd olunub ki, son illər təhsil müəssisələrinin istilik təminatının yaxşılaşdırılması, alternativ yanacaq növlərinin tətbiqi və müasir istilik sistemlərinə keçid istiqamətində tədbirlər görülüb.
Görülən işlər çərçivəsində təhsil müəssisələrinin bir hissəsi qazlaşdırılıb, əvvəllər odun yanacağı ilə qızdırılan məktəblər isə pellet yanacağından istifadəyə keçib.
Bildirilib ki, pelletdən istifadə ağac materialına tələbatın azalmasına və meşə ehtiyatlarının qorunmasına şərait yaradır. Bu yanacaq növü həmçinin temperaturun daha asan tənzimlənməsinə, istiliyin sabit və səmərəli təmin olunmasına imkan verir.
Statistik göstəricilərə əsasən, 2023-cü ildə Azərbaycanda odun yanacağı ilə qızdırılan təhsil müəssisələrinin sayı 2065 olub. 2026-cı ildə isə bu rəqəm sıfıra enib.
Hazırda 1397 təhsil müəssisəsində pellet yanacağından istifadə olunur. Digər müvafiq təhsil müəssisələrinin istilik təminatı isə qazlaşdırma hesabına həyata keçirilir.
Məlumatda vurğulanıb ki, pellet yanacağına keçid meşələrin qorunması və odun yanacağına tələbatın azaldılması baxımından əhəmiyyətlidir. Təhsil müəssisələrində bu yanacaq növündən istifadənin tətbiqi digər təşkilatlar üçün də nümunə ola bilər.
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#Expressxeberler.az #Expressxeberler
Dərc vaxtına görə