Mayaların istifadə etdiyi qırmızı rəng su hövzələrinə necə təsir edib?


Qədim mayalıların qırmızı rəngə olan xüsusi marağı ətraf mühit üçün ciddi nəticələrə səbəb olub.
Alimlərin araşdırmasına görə, onların istifadə etdiyi civə tərkibli boya su hövzələrini zəhərləyib, bəzi ərazilərdə bu çirklənmənin təsiri əsrlərlə davam edib.
Maya mədəniyyətində qırmızı rəng Günəşi, qanı və həyatı simvolizə edirdi. Bu səbəbdən həmin rəngdən heykəllərin, tikililərin divarlarının, keramika nümunələrinin boyanmasında, eləcə də dəfn mərasimlərində istifadə olunurdu.
Tədqiqatçılar müəyyən ediblər ki, boyadan yuyulan civə su hövzələrinə qarışıb. Oksigensiz çöküntülərdə mikroorqanizmlər civəni daha təhlükəli maddə olan metilcivəyə çevirib. Bu toksik birləşmə qida zəncirində toplanaraq balıq və digər su canlıları vasitəsilə insanlara da keçə bilərdi.
Araşdırma zamanı 2 min ildən artıq dövrü əhatə edən çöküntü nümunələri təhlil edilib. Nəticələrə görə, eramızın 40-820-ci illəri arasında müəyyən dövrlərdə su hövzələrində civə çirklənməsi qeydə alınıb. Çirklənmə su ekosisteminə də təsir göstərib.
Alimlər civənin yüksək olduğu qatlarda şirin su molyusklarının qalıqlarını aşkar etməyiblər. Həmçinin yosunların çoxalmasına dair izlər də xeyli az olub.
Tədqiqatçılar bunu zəhərli maddənin su canlılarına mənfi təsiri ilə əlaqələndirirlər.
