Materatsi: "De Migelin ölümü məni Allaha şükür etməyə vadar etdi"


İtaliya millisinin sabiq müdafiəçisi Marko Materatsi Xesus de Miqelin vəfatı fonunda Zinəddin Zidanın ona başla zərbə vurduğu hadisəni xatırlayıb.
Offsideplus.az xəbər verir ki, 30 yaşlı de Miqel "Tenerife" ilə "Andorra" arasında keçirilən Sequnda matçının son dəqiqələrində qapıçı Xesus Ovono ilə toqquşmadan sonra dünyasını dəyişib.
Materatsi bildirib ki, bu faciə onu 2006-cı il Dünya Çempionatının finalında Zidanın ona başla zərbə vurduğu anı xatırlamağa vadar edib: "Xesus de Miqelin ölümü məni Allaha şükür etməyə vadar etdi ki, o vaxt mənim başıma heç bir dəhşətli hadisə gəlmədi. O qapıçı ilə bağlı məsələ oyun epizodu nəticəsində ehtiyatsızlıqdan ölümə səbəb olmaqdır... Bəs belə bir şey mənim başıma gəlsəydi?"
2006-cı ilin dünya çempionu əlavə edib ki, Zidan ondan heç vaxt üzr istəməyib: "Belə bir imkan var idi, bu faktdır. 2010-cu ilin noyabrında, Milan şəhərindəki Meliá otelində, "Milan" – "Real Madrid" oyunu ərəfəsində. Oteldən çıxırdım, Mourinyo ilə sağollaşdım, Zidan isə binanın arxa tərəfində maşını park edirdi. Məni görəndə tərəddüd etdi, hətta getmək istədiyini göstərdi. Amma mən özüm yaxınlaşıb əlini sıxdım: 'Burada, kənar baxışlardan uzaqda görüşdüyümüzə şadam'. O isə cavab verdi: 'Narahat olma, belə şeylər olur, hər şey keçmişdə qalıb'. Təəssüf ki, sonradan o, bu sözlərindən imtina etdi və bildirdi ki, məni adi azarkeş hesab edib".
