"Matç özü də göstərdi ki, Emin hələ də oynaya bilərdi" - Arif Əsədov


Dünən millimiz sınaq matçında Andorra ilə qarşılaşıb. Yığma komandamız inamlı qələbə qazanıb (3:1).
Azərbaycan millisinin sabiq çalışdırıcısı Arif Əsədovla əlaqə saxlayıb oyunla bağlı fikirlərini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Millimiz bu ilin son oyununa çıxdı. Ondan əvvəl Lixtenşteynlə qarşılaşmışdıq və həmin oyunda 1:0 hesablı qələbə qazanmışdıq. Son yoldaşlıq görüşündə isə inamlı 3:1 hesablı qələbə əldə etdik. Yığmamızı təbrik edirəm.
Burada əsas məqsəd yeni çağırılan futbolçuları yoxlamaq idi. Onların arasında çoxlu sayda gənc futbolçular var idi ki, özlərini yaxşı tərəfdən göstərdilər. Bu qələbə, məncə, onlara gələcəkdə özünəinam qazandıracaq, həmçinin milli və klub karyeralarının inkişafına kömək olacaq.
Millimiz oyuna yaxşı başladı və qısa zamanda qol vurduq. Lixtenşteynlə müqayisədə bu oyunda futbolçularımız daha rahat görünürdülər. Amma rəqibi də nəzərə alsaq, məncə, Andorra Lixtenşteyndən güclü komanda idi. Buna baxmayaraq, təzyiqin olmaması millimizin meydanda daha rahat oynamasına səbəb olurdu.
Emin Mahmudova gəldikdə isə bu, onun da son oyunu oldu. Matç özü də göstərdi ki, Emin hələ də oynaya bilərdi. Amma verdiyi qərara hörmətlə yanaşmaq lazımdır. Gələcək karyerasında ona uğurlar arzulayıram! Düşünürəm ki, bundan sonra bütün diqqətini “Neftçi”yə yönəldəcək. Ona uğurlar arzulayıram!"
Əlisahib İbrahimli