Marsda qayaların altından saf kükürd yatağı aşkarlandı: "Səhrada vahə tapmaq kimidir"


NASA-nın “Curiosity” kəşfiyyat aparatı Marsda indiyədək müşahidə edilməyən saf elementar kükürd kristalları aşkar edib. Alimlər bu tapıntının Qırmızı planetin geoloji keçmişi ilə bağlı mühüm məlumatlar verə biləcəyini düşünürlər.
Tiraj.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Hadisə Marsın Qeyl kraterində, Gediz Vallis kanalı ərazisində baş verib. “Curiosity” aparatı adi görünən bir qayanın üzərindən keçərkən onun parçalanması nəticəsində sarı rəngli kristallar üzə çıxıb. Sonrakı müşahidələr ərazidə eyni xüsusiyyətlərə malik çoxsaylı qayaların olduğunu göstərib.
NASA-nın Reaktiv Hərəkət Laboratoriyasının “Curiosity” layihəsi üzrə alimi Aşvin Vasavada saf kükürd kristallarından ibarət yatağın aşkarlanmasını səhranın ortasında vahə tapmağa bənzədib. “Science” jurnalında dərc olunan araşdırmaya görə, kükürd yatağı təxminən 2100 kvadratmetr ərazini əhatə edir.
Tədqiqatçılar hesab edirlər ki, bu yataqlar qədim vulkanik proseslər nəticəsində yaranmış ola bilər. Ehtimala görə, vulkanik fəaliyyət zamanı ayrılan qazlar soyuyaraq Mars səthinin altında toplanıb. Daha sonra eroziya nəticəsində təzyiqin azalması həmin maddələrin üzə çıxmasına və saf kükürd kristallarının formalaşmasına şərait yaradıb.
“Geophysical Research Letters” jurnalında dərc olunan başqa bir araşdırmada isə alimlər saf kükürdün yüksək temperatur və ya canlı orqanizmlərin iştirakı olmadan əmələ gəlməsinin mümkünlüyünü araşdırıblar.
Kornell Universitetindən Jiawei Wangın rəhbərlik etdiyi qrup laboratoriya şəraitində həll olmuş sulfid maddəsini xloratla turş mühitdə qarışdırıb. Otaq temperaturunda aparılan təcrübə nəticəsində kiçik sarı kükürd kristalları yaranıb. Bu isə oxşar kimyəvi reaksiyaların uzun müddət ərzində daha böyük kükürd yataqları formalaşdıra biləcəyini göstərir.
Alimlər yatağın geoloji xüsusiyyətlərinə əsaslanaraq onun təxminən 3,1-2,8 milyard il əvvəl yarandığını ehtimal edirlər. NASA-nın Conson Kosmik Mərkəzinin geokimyaçısı Ceff Berger Marsın milyardlarla il əvvələ aid geoloji mənzərəni qoruyub saxladığını bildirib.
Kükürd bütün canlı orqanizmlər üçün vacib elementlərdən biridir. Bir çox canlı onu sulfat formasında mənimsəyərək zülalların yaranması üçün zəruri olan amin turşularının sintezində istifadə edir. Lakin yeni araşdırmalar bu elementin Marsda bioloji proseslər olmadan da əmələ gələ biləcəyini göstərir.
Bununla belə, alimlər hələlik Marsda həyatın mövcudluğuna dair qəti sübut əldə etməyiblər. “Curiosity” aparatının son kəşfi isə planetin geoloji tarixində hələ də araşdırılmamış çoxsaylı məqamların olduğunu bir daha ortaya qoyur.
Arif
1 mənbə