Azərbaycanın BMT indeksində 38-ci yerə yüksəlməsi rəqəmsal transformasiya siyasətinin mühüm uğurudur - ŞƏRH


Azərbaycanın BMT-nin Elektron Hökumətin İnkişafı İndeksində (EHİİ) 36 pillə irəliləyərək dünyada 38-ci yerə yüksəlməsi ölkəmizdə həyata keçirilən rəqəmsal transformasiya siyasətinin mühüm uğurudur.
Bunu APA-ya açıqlamasında “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə bildirib.
O qeyd edib ki, Azərbaycanın bu nəticə ilə Çin, Fransa, İtaliya, İsveçrə və Braziliya kimi ölkələri geridə qoyması xüsusi əhəmiyyət daşıyır: “BMT-nin 19 noyabr 2026-cı ildə açıqladığı hesabatda Azərbaycanın 0,8847 balla 38-ci yerdə qərarlaşması indiyədək əldə etdiyimiz ən yüksək göstəricidir. Xatırladım ki, ölkəmiz 2016-cı ildə 56-cı, 2018 və 2020-ci illərdə 70-ci, 2022-ci ildə 83-cü, 2024-cü ildə isə 74-cü yerdə qərarlaşmışdı. Beləliklə, Azərbaycan 2016-cı ilin nəticəsini 18 pillə yaxşılaşdırıb, son iki ildə isə 36 pillə irəliləyib. Bu, rəqəmsal dövlət quruculuğu sahəsində beynəlxalq mövqeyimizin əhəmiyyətli dərəcədə gücləndiyini göstərir.
Biz vətəndaş cəmiyyəti nümayəndələri olaraq uzun illərdir elektron hökumətin inkişafı və rəqəmsal xidmətlərin təkmilləşdirilməsi məsələlərini diqqətdə saxlayır, müxtəlif təşəbbüslərlə çıxış edirik. Əvvəlki illərdə Azərbaycanın reytinqdə geriləməsi narahatlıq doğururdu. Çünki ölkəmizin iqtisadi, texnoloji və intellektual potensialının daha yüksək nəticələr əldə etməyə imkan verdiyini düşünürdük. Bu baxımdan, 38-ci yerə yüksəlməyimiz bizim üçün ikiqat sevindiricidir.
Əlbəttə, bu nəticə ilk növbədə dövlətin sistemli siyasətinin və aidiyyəti qurumların fəaliyyətinin uğurudur. Vətəndaş cəmiyyətinin rolu isə prosesə ictimai dəstək vermək, mövcud çatışmazlıqları konstruktiv şəkildə gündəmə gətirmək və vətəndaşların rəqəmsal imkanlardan daha geniş faydalanmasına töhfə verməkdir”.
QHT sədri əldə olunan uğurun əsas səbəbləri sırasında Prezident İlham Əliyevin rəqəmsal transformasiyaya göstərdiyi diqqəti, strateji sənədlərin qəbulunu və institusional mexanizmlərin təkmilləşdirilməsini vurğulayıb. O, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Rəqəmsal İnkişaf Şurasının dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsində xüsusi rolunu qeyd edib.
Cəsarət Hüseynzadə Azərbaycanın Onlayn Xidmətlər İndeksi üzrə 56 pillə irəliləyərək 11-ci yerə yüksəlməsini də mühüm nailiyyət kimi qiymətləndirib: “Ölkəmizin bu göstərici üzrə Böyük Britaniya, ABŞ, Kanada, Norveç, İslandiya və Avstraliya kimi dövlətləri qabaqlaması, xidmətlərin təqdim edilməsi üzrə dünyada 10-cu, institusional çərçivə üzrə isə birinci yerdə qərarlaşması rəqəmsal dövlət quruculuğunda əldə olunan inkişafı göstərir. “mygov” platformasının inkişafı, “digital.bridge” vasitəsilə qurumlararası məlumat mübadiləsinin genişləndirilməsi, rəqəmsal sənəd dövriyyəsi və “Kağızsız hökumət” prinsiplərinin tətbiqi də bu prosesin mühüm tərkib hissələridir”.
QHT sədri hesab edir ki, növbəti mərhələdə əsas diqqət elektron iştirakçılığın genişləndirilməsinə yönəldilməlidir: “Bu gün vətəndaşlar bir çox dövlət xidmətlərindən elektron formada istifadə edə bilirlər. Növbəti hədəflərdən biri onların dövlət qərarlarının hazırlanması, müzakirəsi və qiymətləndirilməsi prosesində də rəqəmsal imkanlardan daha fəal istifadəsini təmin etmək olmalıdır. Əldə olunan uğurlar yeni imkanlarla yanaşı, yeni gözləntilər də formalaşdırır. Beynəlxalq reytinqdə yüksək mövqe qazanmaq qədər həmin mövqeni qorumaq və davamlı inkişafı təmin etmək də vacibdir”.
Dərc vaxtına görə