Marsda bütün planeti əhatə edə bilən toz fırtınaları niyə yaranır?


Beynəlxalq tədqiqat nəticəsində müəyyən edilib ki, Marsda planetmiqyaslı toz fırtınalarının yaranmasında küləyin gücü ilə yanaşı, səthdəki qum və tozun düzgün nisbəti də həlledici rol oynayır.
Ordu.az xəbər verir ki, bu barədə Danimarkanın Orhus Universitetinin rəhbərliyi ilə aparılan beynəlxalq tədqiqatda bildirilib.
Marsda yaranan toz fırtınaları bütün planeti əhatə edə və həftələrlə səthi günəş işığından məhrum edə bilər. Belə hadisələr təxminən üç-dörd ildən bir təkrarlanır, lakin onların yaranma mexanizmi uzun müddət sirr olaraq qalırdı. Orhus Universitetinin rəhbərlik etdiyi beynəlxalq tədqiqatçılar qrupu müəyyən edib ki, bu sirrin açarı sadəcə güclü külək deyil, Marsın səthində qum və tozun düzgün nisbətidir. Məhz bu iki komponentin qarşılıqlı təsiri planetmiqyaslı fırtına yarada bilər.
İlk baxışdan toz fırtınasının yaranması üçün çoxlu xırda hissəciklərin və güclü küləyin kifayət etdiyi düşünülə bilər. Lakin təcrübələr göstərib ki, proses daha mürəkkəbdir. Qumun həddindən artıq çox olması tozun atmosferə qalxmasına mane olur, qum dənələrinin tamamilə olmaması isə bu prosesin başlamasına imkan vermir.
Fərq hissəciklərin ölçüsündədir. Qum dənələrinin diametri təxminən 0,06-2 millimetr, toz hissəciklərinin diametri isə 0,05 millimetrdən azdır. Kütlələrinin fərqli olması səbəbindən onlar küləyin təsirinə müxtəlif cür reaksiya verirlər.
Bu sistemdə qum bir növ çəkic rolunu oynayır. Küləyin hərəkətə gətirdiyi qum dənələri sıçrayaraq səthə zərbələr endirməyə başlayır. Toqquşma zamanı onlar torpaqdan daha xırda toz hissəciklərini qoparır və həmin hissəciklər atmosferə qalxır.
Bu mexanizm saltasiya adlanır. Səthdən ayrılan toz havada asılı vəziyyətə keçərək aerozol əmələ gətirir və böyük məsafələrə daşına bilir. Qum dənələri adətən cəmi bir neçə metr hərəkət etdiyi halda, ən xırda toz hissəcikləri bütöv qitələri keçə bilər.
Lakin qum həddindən artıq çox olduqda hissəciklər ağırlaşır və onları havaya qaldırmaq çətinləşir. Qum kifayət qədər olmadıqda isə tozu torpaqdan qoparmaq üçün lazımi sayda zərbə yaranmır. Buna görə də genişmiqyaslı fırtınanın meydana gəlməsi üçün hər iki komponent arasında müəyyən tarazlıq olmalıdır.
Tədqiqatçılar fərziyyələrini yoxlamaq üçün Orhus Universitetinin Mars şəraitini modelləşdirməyə imkan verən xüsusi iqlim kamerasından istifadə ediblər.
Təcrübələr zamanı alimlər planetin səthindəki qum və toz nisbətini nəzərə alaraq onların qarşılıqlı təsirini yenidən yaradıblar. Nəticə diqqətçəkən olub: modelləşdirmə işə salındıqdan sonra planetmiqyaslı toz fırtınaları öz-özünə yaranıb.
Beləliklə, tədqiqatçılar göstəriblər ki, bu cür hadisələri izah etmək üçün yalnız küləyin sürətini və ya tozun miqdarını nəzərə almaq kifayət deyil. Səth materialının quruluşu və qum dənələrinin xırda hissəcikləri atmosferə nə dərəcədə effektiv qaldıra bilməsi də mühüm rol oynayır.
Bu nəticə Marsın səthində demək olar ki, hər yerdə toz olmasına baxmayaraq, planetmiqyaslı fırtınaların niyə daim baş vermədiyini izah etməyə kömək edir.
Kəşf Marsın hava şəraitini daha dəqiq modelləşdirməyə və xüsusilə genişmiqyaslı fırtınaların yaranmasını əvvəlcədən proqnozlaşdırmağa imkan verə bilər. İnsanların yaşamadığı planet üçün bu məsələ əhəmiyyətsiz görünə bilər, lakin Marsı araşdıranlar üçün onun praktiki əhəmiyyəti böyükdür.
Toz fırtınaları texnika üçün ciddi təhlükə yaradır. Bir çox Mars aparatı və elmi cihaz günəş panellərindən istifadə edir. Panellərin səthi tozla örtüldükdə elektrik enerjisi istehsalı azalır, bəzi hallarda isə cihazlar işləmək üçün kifayət qədər enerji əldə edə bilmir.
Tədqiqatın rəhbəri Conatan Merison qeyd edir ki, Mars missiyalarına hazırlıq zamanı alimlər bu cür riskləri nəzərə almağa məcburdurlar. Cihaz genişmiqyaslı fırtınanın təsirinə məruz qalarsa, sönə və onunla əlaqə itə bilər.
Beləliklə, hava şəraitinin proqnozlaşdırılması gələcək ekspedisiyaların mühəndislik hazırlığının bir hissəsinə çevrilir. Planetmiqyaslı fırtınanın hansı şəraitdə başlaya biləcəyini bilməklə mütəxəssislər missiyaların başlanma vaxtını daha düzgün seçə, avadanlıqların işini planlaşdıra və insanların iştirakı ilə həyata keçiriləcək gələcək ekspedisiyaların risklərini qiymətləndirə biləcəklər.
Mars elə bir planetdir ki, hətta adi toz belə kosmik missiyanın uğurunu müəyyən edən amilə çevrilə bilər. Alimlər indi tozun bəzən bütün planeti əhatə edən fırtınaya necə çevrildiyini daha yaxşı anlamağa yaxınlaşıblar.
Sevinc Əliyeva Ordu.az