"Marafon"a məğlubiyyət komandanı silkələmişdi" - İlk dövrəni darmadağınla başa vuran "Şirvan"ın baş məşqçisi


İkinci Liqanın 11-ci turunda "Ağdaş"la qarşılaşan "Şirvan" komandası meydandan darmadağınla ayrılıb. Bölgə təmsilçisi səfərdə rəqibini 5:0 hesabı ilə üstələməyi bacarıb.
Birinci dövrəni ilk "üçlük"də başa vuran komandanın baş məşqçisi Pərviz Bayramov Fanat.Az -a açıqlamasında son görüşü belə şərh edib:
"Oyuna yaxşı başladıq. Əslində, plan da bu idi ki, erkən qol vurub rəqibin müqavimətini sındıraraq təşəbbüsə yiyələnək. Çünki belə komandalarla görüşlərdə qol yubandıqca rəqibin özünəinamı artır və daha əzmlə mübarizə aparır. İşin lehimizə olan daha bir cəhəti odur ki, "Marafon"a məğlubiyyət uşaqları silkələmişdi. Bu dəfə hamısının gözündə işıq gördüm. Çox istəkli idilər, meydanın hər qarışı uğrunda mübarizə aparırdılar. Meydan demişkən, Ağdaş şəhər stadionunun örtüyü bərbad durumda idi. Yağışdan sonra stadion oynanılmayacaq səviyyədə bərbad halda idi. Adətən uduzduğun oyundan sonra belə məqama toxunanda bunu bəhanə kimi başa düşürlər. Qələbə qazandığımız oyundan sonra dilə gətirirəm ki, səmimi qəbul etsinlər. Həm də bu, təkcə "Ağdaş"ın problemi deyil, 2-ci Liqa klublarının əksəriyyəti oxşar çətinlikdən əziyyət çəkir. Elə bizim stadion da "Ağdaş"ınkından "geri qalmır".
Birinci dövrəni 3-cü yerdə başa vurduq. Heyət sıxıntımızın olduğunu, zədəlilərin bolluğunu nəzərə alsaq, bu nəticə qənaətbəxşdir. İkinci dövrəyə lider "Qaradağ Lökbatan"la duellə start verəcəyik. Çətin olacaq, amma ciddi hazırlaşacağıq. Doğma meydan amilindən yararlanıb görüşdən sərfəli nəticə ilə ayrılmağa çalışacağıq".
Mirağa
