Manilada Gürcüstan və Cənub-Şərqi Asiya ölkələri arasında parlament dialoqu keçirilib


ASEAN Parlament Assambleyasının 47-ci illik sessiyası çərçivəsində Filippinin paytaxtı Manilada Gürcüstanla bağlı dinləmələr təşkil olunub.
Ordu.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin mətbuat xidməti məlumat yayıb.
Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze ölkədəki mövcud tendensiyalar barədə danışıb.
O, ölkənin iqtisadi, siyasi və sosial vəziyyətini nəzərdən keçirib, müxtəlif sahələrdə həyata keçirilən uğurlu islahatlar haqqında məlumat verib.
“Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) Parlament Assambleyası çərçivəsində Gürcüstanla bağlı dinləmələr keçirildi. Bu tədbirdə Gürcüstanın ərazi bütövlüyü və işğal altındakı ərazilərdəki ağır vəziyyət, Rusiyanın beynəlxalq hüququ və insan hüquqlarını pozması məsələləri barədə danışmaq imkanım oldu.
Enerji təhlükəsizliyi, Orta Dəhliz, Qara dəniz sualtı kabeli, eləcə də Avropa ilə Asiya arasında nəqliyyat və rəqəmsal bağlantı imkanlarının inkişafı baxımından Gürcüstanın strateji roluna diqqət yetirildi. Həmçinin Gürcüstanın əlverişli investisiya mühitini, iqtisadi azadlıq, şəffaflıq və idarəetmə sahələrində əldə etdiyi nəticələri vurğuladım”, - deyə Xarici əlaqələr komitəsinin sədri bildirib.
ASEAN Parlament Assambleyasına üzv ölkələrin nümayəndə heyətləri Gürcüstanın ərazi bütövlüyünə qəti dəstəklərini ifadə ediblər. Onlar Gürcüstanla yaxşı siyasi münasibətlərə malik olduqlarını qeyd edərək ticarət, iqtisadiyyat, mədəniyyət, təhsil və turizm sahələrində əməkdaşlığı gücləndirmək istədiklərini bildiriblər.
Nikoloz Samxaradzenin sözlərinə görə, onların arzusu Gürcüstan tərəfindən Cənub-Şərqi Asiya ölkələrinə ikitərəfli səfərlərin daha tez-tez həyata keçirilməsidir.
“Bütün ölkələrin nümayəndə heyətləri Gürcüstanla həm ikitərəfli, həm də çoxtərəfli formatlarda münasibətləri dərinləşdirmək istədiklərini bildirdilər. Onlar müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsinə hazır olduqlarını ifadə etdilər.
Görüşdə ölkələr arasında vizasız gediş-gəlişin əhəmiyyəti də diqqət mərkəzində olub. Qeyd edilib ki, bu istiqamətdə prosesin başlanması təkcə turizmin inkişafına deyil, həm də xalqlar arasında münasibətlərin və əlaqələrin dərinləşməsinə töhfə verəcək.
Onlar Gürcüstanın ərazi bütövlüyünə dəstəklərini təsdiqləyərək bunun beynəlxalq hüququn fundamental prinsipi olduğunu və bu məsələdə mövqelərinin dəyişməz qaldığını vurğuladılar”, - deyə Nikoloz Samxaradze bildirib.
Gürcüstanla bağlı dinləmələrdə Filippin, Sinqapur, Tailand, Malayziya, Vyetnam, Kamboca, Laos və Bruneyin parlament nümayəndə heyətləri iştirak ediblər. Tədbirə, həmçinin Gürcüstanın İndoneziyadakı səfirliyinin və ASEAN-dakı nümayəndəliyinin fövqəladə və səlahiyyətli səfiri Tornike Nozadze qatılıb.
Alpər Mövludoğlu Ordu.az
1 mənbə

Cənub Media+1 mənbə