Makron Avropada baş verən hadisələr fonunda Rusiyanın təcavüzünün “yeni mərhələsi” barədə xəbərdarlıq edib


Fransa prezidenti Emmanuel Makron Polşa və Moldovanın hava məkanının pozulması, eləcə də Danimarkada ABŞ və Ukrayna vətəndaşına qarşı törədildiyi iddia olunan sui-qəsd cəhdi də daxil olmaqla, Avropada baş verən bir sıra hadisələrin Rusiyanın təcavüzündə yeni mərhələdən xəbər verdiyini bildirib.
Ordu.az xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Son 24 saat ərzində bir sıra avropalı tərəfdaşlarımız və müttəfiqlərimiz yenidən Rusiyanın təcavüzünün yeni mərhələsindən xəbər verən ciddi insidentlərlə üzləşiblər”, - deyə Makron bildirib.
Fransa prezidenti Polşaya həmrəylik ifadə edib. Onun sözlərinə görə, bir gün əvvəl iki Rusiya raketi və bir Rusiya PUA-sı Polşanın hava məkanını pozub. Hər üçü daha sonra Polşa ərazisinə düşüb.
Makron, həmçinin Moldova prezidenti Maya Sandunun avropalı tərəfdaşlarını Rusiya PUA-larının Moldova hava məkanını davamlı şəkildə pozması barədə məlumatlandırdığını bildirib.
Bundan əlavə, Fransa lideri Danimarka hakimiyyətinin ölkə ərazisində ABŞ və Ukrayna vətəndaşına qarşı sui-qəsd cəhdinə görə Rusiyanı rəsmi şəkildə məsuliyyətli elan etməsindən sonra Danimarkaya dəstəyini ifadə edib.
Makron Rusiya ilə sərhəddə avtomobil tranzitinin məhdudlaşdırılacağını elan edən Estoniyanın Baş naziri Kristen Mixala da dəstək verib.
“Ukraynaya qarşı təcavüzkar müharibəni gücləndirməklə və eyni zamanda Avropa ərazisində təcavüzkar siyasət yürütməklə Rusiya məsuliyyətsiz riskə gedir. Bu, yalnız onun daha da təcrid olunmasına, avropalıların və qitəmizdə sülh və sabitlik naminə çalışmaq istəyən hər kəsin qətiyyətinin və birliyinin güclənməsinə səbəb ola bilər”, - deyə Makron vurğulayıb.
Sevinc Əliyeva Ordu.az