Lizinq şirkətinin mənfəəti 61% artıb – Lizinq portfeli 17,6 milyon manata çatıb


Azərbaycanda fəaliyyət göstərən “Sara Lizinq” MMC 2025-ci ili 943,1 min manat xalis mənfəətlə başa vurub. Bu, 2024-cü ildə qeydə alınmış 586,8 min manatla müqayisədə 60,7% artım deməkdir.
Banker.az xəbər verir ki, bu barədə şirkətin 2025-ci il üzrə audit edilmiş maliyyə hesabatında bildirilir.
Hesabat dövründə şirkətin faiz gəlirləri 56,5% artaraq 1,64 milyon manata yüksəlib. Avadanlıq və nəqliyyat vasitələrinin satışından əldə edilən gəlirlər isə 2,7 dəfə artaraq 11,27 milyon manat təşkil edib.
Şirkətin satılmış avadanlıq və nəqliyyat vasitələrinin maya dəyəri 10,98 milyon manat, ümumi və inzibati xərcləri isə 719,3 min manat olub. Vergidən əvvəlki mənfəət 59,2% artaraq 1,18 milyon manata çatıb.
“Sara Lizinq”in aktivləri 2025-ci ilin sonunda əvvəlki illə müqayisədə 16,5% artaraq 41,6 milyon manat təşkil edib.
Aktivlərin tərkibində maliyyə lizinqinə xalis investisiyalar 48% artaraq 17,61 milyon manata, ticarət və digər debitor borcları isə 6,53 milyon manata yüksəlib.
Şirkətin borc vəsaitləri 68,8% artaraq 15,42 milyon manata çatıb. Eyni zamanda, cəmi öhdəlikləri 39,24 milyon manat təşkil edib.
Hesabat ilində şirkətin kapitalı 66,5% artaraq 2,36 milyon manata yüksəlib. Nizamnamə kapitalı isə bölüşdürülməmiş mənfəət hesabına 600 min manatdan 1 milyon manata çatdırılıb.
1 mənbə