Litvada toplaşan çərkəz icmaları Azərbaycanın Şuşa Zəfərini müstəmləkə xalqlarının tarixi ədalət arzusunun məşəli adlandırıblar - Foto

3 dəq oxu
Xəbər
2026-cı il noyabrın 19-da Vilnüsdə Litva Seyminin binasında dünyanın müxtəlif icmalarından toplanmış çərkəz icmaları və digər Qafqaz xalqlarının təmsilçiləri “Qafqazda tarixi yaddaş və dekolonizasiya çağırışları: Avropa dialoqu və regional sabitliyin perspektivləri” adlı beynəlxalq forum keçirib.
Bizim.Media xəbər verir ki, forumdan öncə “Qafqaz: ekoloji müstəmləkəçiliyin və itirilmiş azadlığın salnaməsi” adlı sərgi açılıb. Sərgidə Rusiyanın müstəmkələ zülmünün Qafqaz xalqlarının həyatına və ekoloji təhlükəsizliyinə vurduğu yaralar, ağır fəsadlar nümayiş olunub.
Forumun “İmperiya müstəmləkəçiliyinin anatomiyası: “yandırılmış torpaq” taktikasından deportasiyalara qədər” adlı ilk panel müzakirəsində Litva Seyminin üzvü, professor Valdas Rakutisin məruzəsi dinlənilib.
“Çeçen İçkeriya Respublikası”nın müstəqilliyi uğrunda mübarizə aparan Çeçen Milli Azadlıq Hərəkatı - “Vahid Qüvvə” təşkilatının sədri Sayxan Muzayev bildirib ki, Moskva rejimi daxilindəki respublikaların əksəriyyətində anadilli məktəbləri bağlayır, xalqların hüquqlarını pozur.
Tbilisi Dövlət Universitetinin Qafqazşünaslıq İnstitutunun sədri, professor Merab Çuxua bildirib ki, dünyada çərkəzlərin sayı 6 milyondan çoxdur. Bununla yanaşı, onların yalnız təxminən 10%-i öz tarixi vətənində yaşayır, 90%-i isə ayrı-ayrı ölkələrə səpələnib. O, beynəlxalq ictimaiyyəti çərkəzlərin soyqırımı faktını rəsmən tanımağa çağırıb.
Merab Çuxua bu ilin iyulunda Şuşada “Mədəni və etnik müxtəliflik: tarixin dərsləri və müasir çağırışlar” adlı beynəlxalq konfransın yekunund qəbul olunan Birgə Bəyannamənin mühüm əhəmiyyətini vurğulayıb.
Xatırladılıb ki, bu sənəd elan edir ki, Rusiyada etnik azlıqların - çərkəzlərin, ləzgilərin, avarların, tatarların, kumıkların, çeçenlərin, saxaların, buryatların və digər qeyri-rus xalqların zorla, təqiblərlə, şantaj və həbsxana yolu ilə Ukrayna cəbhəsinə göndərilməsi dayandırılmalıdır.
Rusiya tarixdən ibrət dərsi götürməli, çərkəzlərə və digər xalqlara qarşı soyqırımıları etiraf etməli, onların qanlarını tökənləri qəhrəmanlaşdırmamalıdır, tarixi mövzularda arxiv materialları əlçatan olmalıdır. Rusiyada şovinizm, ksenofobiya ritorikası, “skinhed” dəstələrinin, onların yeni adlar altında, yeni obrazlarda üzə çıxan müxtəlif təzahür formalarının öz mülahizələri əsasında qeyri-ruslara qarşı hücum və təqibləri dayandırılmalıdır.
Litvada toplaşan çərkəz icmalarının nümayəndələri Azərbaycanın Şuşa Zəfərini müstəmləkə xalqlarının tarixi ədalət arzusunun məşəli adlandırıblar.
Azərbaycanın “İpək Yolu” Mədəni və Tarixi Araşdırmalar İB-nin sədri Aida Eyvazlı Göytürk (Aida Eyvazova) bu mötəbər tədbirdə minnətdarlıq olaraq, Azərbaycan Bayraqlarının yer almasına görə dərin təşəkkür edib.
O, bildirib ki, xalqların milli ləyaqəti və heysiyyəti nəzərə alınmalı, humanizm prinsipləri rəhbər tutulmalı, qarşıdurmaları, toqquşmaları dialoq, əməkdaşlıq, etimad mühiti əvəz etməlidir.
Foruma onlayn qoşulan Azərbaycanın Mədəni və Etnik Müxtəliflik Mərkəzinin sədri Seyfəddin Hüseynli (Səfərov) etnik və dini mənsubiyyətinə görə, azərbaycanlılar daxil olmaqla, bir çox xalqların Rusiyada sistemli şəkildə ayrı-seçkiliyə məruz qaldığını, fundamental hüquqlarının pozulduğunu diqqətə vurğulayıb.
O, 2025-ci il iyunun 27-də Yekaterinburq şəhərində yaşayan üç qardaşının və bir neçə yaxın qohumunun Rusiya hüquq-mühafizə orqanlarının əsassız hücumuna məruz qaldığını xatırladıb.
İki qardaşının – Hüseyn Səfərov və Ziyəddin Səfərovun işgəncələrlə qətlə yetirildiyini, digər qardaşı Bakir Səfərovun isə indiyədək saxta ittihamlarla həbsdə saxlandığını qeyd edib. O, bir daha xatırladıb ki, mədəni və etnik müxtəliflik, tolerantlıq hər bir dövlət üçün sərvət olmalıdır, etnik və dini mənsubiyyətə görə ayrı-seçkilik rədd edilməlidir.
Foruma onlayn qoşulan Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli qeyd edib ki, etnik və mədəni müxtəlifliyin qorunmasında, dinlərarası, mədəniyyətlərarası, sivilizasiyalararası harmoniya və dialoqun təşviqində Azərbaycan nümunəvi modelə malikdir.
Forumda keçirilmiş panellərdə Çərkəz Milli hərəkatının aparıcı nümayəndələri, xarici ölkələrdə mühacir həyatı yaşayan Rustam Kujayev, İbrahim Yaqanov, Dünya Çərkəz Agentliyinin həmtəsisçisi, Litva Seyminin sabiq üzvü, Litva Media Assosiasiyasının direktoru Gintaras Songaila, “Memorial” Assosiasiyasının nümayəndəsi Sergey Krivenko, insan hüquqları müdafiəçiləri Marius Kundrotas və digərləri xüsusi vurğulayıblar ki, müstəmləkəçiliyin müasir formalarının, xalqlara faciə, köləlik və iztirab gətirən addımların qarşısı alınmalıdır. Xalqların etnik və dini mənsubiyyəti cinayət hesab edilməməli, kollektiv cəzalandırmaya səbəb olmamalıdır.
Beynəlxalq forumun yekununda Litva, Avstriya, Fransa, Almaniya, Finlandiya, Türkiyə, Gürcüstan, Azərbaycan və digər ölkələrdən olan vətəndaş cəmiyyəti fəalları Birgə Bəyannamə qəbul ediblər.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play
Mənbə
1 mənbə



